“Oktyabrın 4-də Ermənistanın Gəncə şəhərinə atdığı ilk raket mənim evimə düşüb. 6 nəfərdən ibarət ailə üzvlərimiz həmin gün evdə olduğuna görə hamımız yaralanmışıq. Ən ağır vəziyyətdə isə mənəm, sol gözümü itirmişəm, bədənim qəlpələrlə doludur. 4 aydır çadırda, avtomobildə yatırıq. Erməni terroru nəticəsində evi qəzalı vəziyyətə düşmüş hər ailəyə 6 min, hər ailə üzvünə 1500 manat vəsait ayrılıb, amma bizim haqqımızı vermirlər”.
Bu iddia ilə Gəncə şəhəri, Əziz Əliyev küçəsi ev: 9 ünvanında yaşayan Vüsalə Əliyeva müraciət edib. Onun sözlərinə görə, on otaqlı evinin bir hissəsini gözəllik salonu, bir hissəsini isə şirniyyat sexi kimi işlədib. İddiasına əsasən, ev tamamilə dağıldığından, ailə həm də gəlirindən məhrum olub:
“Evimiz bombalanan gün əynimizdə olan cırıq paltarlarla evdən çıxmışıq. Bəlkə də, iş yerim başqa yerdə olsaydı, dolana bilərdim, indi evlə yanaşı, həm də iş yerimdən olmuşam. Bu 4 ay ərzində 3 dəfə 250 manat kirayə pulu veriblər. Bu məbləğə 6 nəfərlik ailə üçün kirayə ev haradan tapım? Zərərçəkmişlər üçün ayrılan yataqxanaya da getdim, orada da yer yox idi. İndi də kartıma cəmi 1000 manat pul qoymaq istəyirlər”.
Şikayətçinin iddiasına görə, bu müddət ərzində müalicəsinə də yardım olunmayıb: “İki dəfə qonşuların, qohumların hesabına gözümdən əməliyyat olunmuşam. Qurumlar bizi qəbul etmirlər. Bizə bildirirlər ki, guya yardım ayrılmayıb. Gəncə Şəhər İH-nin başçısı ilə görüşmək üçün dəfələrlə gedib-gəldim, iki dəfə ərizə yazdım, amma məni onun yanına buraxmadılar. İcra Hakimiyyətinin baş hüquqşünası Xaqani Əbdüləzimov deyir ki, hamıya min manatdan pul veriləcək, gedin təzədən qərarı oxuyun”.