Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə yanvarın 12-də KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin vebinar iclasında iştirak edib.
QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, KAİCİİD Təşkilatının Baş Katibi Feysal bin Müəmmarın giriş sözü ilə açılan vebinar yeni ilin ilk iclası olaraq ötən ilin yekunlarına və qarşıda duran fəaliyyətlərlə bağlı fikir mübadiləsinə həsr olunub. Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə vebinarda çıxış edib.
Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını iştirakçıların diqqətinə çatdıran Şeyxülislam 2020-ci ilin dünya birliyi, bəşəriyyət üçün ciddi sınaqlar ili olduğunu, hələ də qalmaqda olan pandemiyanın, özünün məcburi məhdudiyyət tədbirləri ilə bilavasitə ünsiyyət və təmaslarımızın qarşısını aldığını, ictimai-mədəni tədbirlərin, o cümlədən, kütləvi dini mərasim və ayinlərin təxirə salındığını qeyd edib. A.Paşazadə həyata keçirilən fəaliyyətləri davam etdirərək müasir ünsiyyət imkanları vasitəsilə dialoq qurmaqla zəmanənin çağırışlarına uyğun cavab vermək, dəyərlər ətrafında cəm olaraq ümumbəşər səciyyəli problemləri birgə müzakirə imkanlarının səngimədiyini diqqətə çatdırıb.