AMEA-nın Rəyasət Heyətinin Bəyanatındakı paradokslar.
Zəruri qeyd: AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və onun müavini akademik Cavad Abdinov aparılan yoxlamanın nəticələrinə görə işdən azad edilmişlər.
Bundan bir neçə gün sonra bu barədə dövri mətbuadta gedən yazılara cavab olaraq Rəyasət Heyəti "tarixi" bir bəyanat qəbul etmişdir.
Qurumun Rəyasət heyətinin 12.01.2021-ci ildə qəbul etdiyi Bəyanatdan:
"Akademik Nazim Məmmədovun uzun illər Yaponiyada fizika professoru qismində elmi tədqiqat işlərilə məşğul olması, onun məqalələrinin yüksək indeksli, nüfuzlu xarici jurnallarda vaxtaşırı nəşr edilməsi, həmçinin Fizika İnstitutunda son illərdə yetişən bacarıqlı gənc tədqiqatçılar deyilənləri təsdiq edir. Biz öz həmkarlarımızın elmi fəaliyyətini yüksək qiymətləndirir, onların bundan sonra da öz bilik və təcrübələrini Azərbaycan elminin inkişafı naminə sərf edəcəyinə inanırıq.
Fizika İnstitutunda ötən ilin 17-25 dekabr tarixlərində aparılan yoxlamalar zamanı aşkara çıxarılmış qüsurlar sırf idarəçilik və maliyyə-təsərrüfat fəaliyyətilə bağlıdır. Bu zaman institutun elmi fəaliyyətinin qiymətləndirilməsi yoxlamanın predmeti olmamışdır. AMEA-da mütəmadi daxili yoxlamalar yalnız əmək nizam-intizamının tənzimlənməsinə, maliyyə-təsərrüfat və kadr fəaliyyətində yol verilmiş xətaların zamanında aşkarlanıb aradan qaldırılmasına xidmət edir."
Paradoksa diqqət edək: İlk öncə qeyd edim ki, Bəyanat cəmiyyəti çaşdırmağa xidmət edir. Bir tərəfdən deyirlər ki, İnstitutda gənc bacarıqlı kadrlar yetişdirilir, digər tərəfdən isə deyirlər ki, kadr təyinatında xətalara yol verilib. AMEA-nın Rəyasət Heyəti izah etsin görək, tədqiqat institunda maliyyə-təsərrüfat pozuntuları (xətaları) nə deməkdir? Pulu hara xərcləyiblər? Əmək nizam –intizamının tənzimlənməsi nə deməkdir? İndi Nazim Məmmədovun yetişdirdiyi alimlərin sayına diqqət edək: (N. Məmmədov 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib). Fəlsəfə doktorları-2, elmlər doktoru-1 nəfər. Bu akademiklər arasında ən aşağı göstəricidir.