Erməni qəsbkarları Azərbaycanın işğaldan azad olunan ərazilərində, ələlxüsus Kəlbəcər, Laçın və digər rayonlarda vaxtilə mövcud olan kiçik su elektrik stansiyalarını darmadağın edərək yararlı avadanlıqlarını söküb aparıb, apara bilmədiklərini yandırıb və ya partladıblar. Hazırda həmin elektrik stansiyalarından heç biri ümumiyyətlə yararlı vəziyyətdə deyil və tamamilə dağıdılıb.
Ancaq buna baxmayaraq, artıq “Azərenerji” Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatmaq üçün əməli işə keçib və neçə müddətdir ki, Laçın rayonu ərazisində yerləşən, 8 meqavat gücündə “Güləbird” Kiçik Su Elektrik Stansiyasında təmir-bərpa işləri aparır və işlər yekunlaşmaqdadır. Döyüşlər zamanı ziyan dəymiş avadanlıqlar - stansiyanın maşın zalları, aqreqatları, generatorları, idarəetmə panelləri, transformatorları yenisi ilə əvəzlənir və ya təmir edilir. Eyni zamanda Həkəri çayından gələn suyu hidroaqreqatlara ötürən və döyüşlər zamanı partlayaraq darmadağın olan boru da yenidən çəkilir.