Azər Həsrət: “Haramdan uzaq, gözü yeyintidə olmayan adamların cəlb edilməsi ilə çox işlər görə biləcəyik”

Yeni yaranmış MEDİA ətrafında diskusiyalar davam edir. İzləyəndə bir daha əmin oluruq ki, istər media əhlinin, istər də medianı izləyənlərin yeni yaradılmış Agentlikdən gözləntiləri çoxdur. Azadmedia.az media eksperti Azər Həsrətin yeni yaranmış agentliklə bağlı fikirlərini öyrənib.

 

Ölkədə aparılan islahatlar işığında media sahəsində də çox ciddi, köklü dəyişikliklərə ehtiyac olduğunu qeyd edən Azər Həsrət nəzərə çatdırdı ki, yaqin siz də xatırlarsınız, illərdir müəyyən məsələlərlə bağlı narahatlığımızı ifadə edirdik və özəlliklə də yeni media ilə ayaqlaşmaq üçün yeni dövlət siyasətinin həyata keçirilməsinə çağırışlar edirdik. Bu çağırışlarda idarəetmədə qüsurlar, müəyyən şəxslərin cəmiyyətdə yaratdığı neqativ obraz, ümumilikdə mediaya olan etimad və.s məsələlər də problem kimi diqqətə çatdırılırdı. Və bütün bunların kompıeks şəkildə həll edilməsi üçün yeni dövlət siyasətinə ehtiyac olduğunu deyirdik. Mümkün idi ki, bu siyasət hələ ötən il həyata keçirilsin, lakin Vətən Müharibəsi ilə bağlı müəyyən məsələlər də bir qədər arxa plana atılmış oldu, o cümlədən də media ilə bağlı ümumi siyasət.

 

İndi yeni bir siyasətin tətbiq edilməsi və Media İnkişaf Agentliyinin qurulması və o Agentlik qarşısında çox böyük vəzifələrin qoyulması, ona geniş səlahiyyətlərin verilməsi ümumiyyətlə, medianın, jurnalistlərin peşəkarlıqlarının yüksəldilməsi azad medianın inkişafı üçün geniş imkanların tanınması və sair məsələləri ehtiva edən bir dövlət siyasəti istiqaməti müəyyənləşdirilib və təbiidir ki, biz də bunun tərəfdarıyıq. Ona görə də tərəfdarıyıq ki, artıq jurnalistikadan sui-istifadə hallarına son qoyulmalıdır. Artıq jurnalistika özünün bir zamanlar sahib olduğu hörməti, ehtiramı geri qaytarmalıdır. Artıq jurnalistika təsadüfi adamlardan təmizlənməlidir.

 

Artıq jurnalistika elə bir sahəyə çevrilməlidir ki, orada təsadüfi, yaxud da sui-istifadə məqsədi ilə gələn insanlar yer tapa bilməsinlər. Onlar birmənalı olaraq bu müstəvidən sıxışdırılıb çıxarılsınlar. Bütün bunlar üçün də daha səlahiyyətli bir quruma ehtiyac var idi. Media İnkişaf Agentliyi də məhz o baxımdan diqqətçəkəndir. Yani onun səlahiyyətləri hazırki Nizamnamə ilə kifayət qədər genişdur, hətta mən deyərdim ki, öhdəsindən gəlmək bir qədər çətin olacaq qədər genişdir. Lakin düşünürəm ki, peşəkarların cəlb edilməsi ilə, geniş mütəxəssis heyətinin cəlb edilməsi ilə, eyni zamanda bütövlükdə medianın davamlı şəkildə monitorinqinin aparılması ilə o problemlərin öhdəsindən gələ biləcəyik.

 

Sonda media eksperti kadr məsələsinə toxunaraq qeyd etdi ki, hər halda kadrların da çox şeyi həll etdiyini hamımız bilirik. Düzgün kadrların seçiləcəyi təqdirdə və həqiqətən də vətənə, millətə, dövlətə sadiq, haramdan uzaq, gözü rüşvətdə, yeyintidə olmayan adamıarın cəlb edilməsi ilə biz çox işlər görə biləcəyik. Əlbəttəki, əgər şəffaf, təmiz bir fəaliyyət qurulacaqsa, qarşıya qoyulan bünün vəzifələr yerinə yetirilə biləcək. Yox, əgər sadəcə olaraq görüntü üçün bir dəyişiklik baş vermiş olsa, yani yenə də kiminsə qohumu, kiminsə tanışı, kiminsə yerlisi bu işdə də önə çəkiləcəksə, əlbəttə ki, nəticə gözləməyə dəyməz. O baxımdan mən çox ümidliyəm və inanıram ki, cənab Prezidentin bu addımı layiqincə dəyərləndiriləcək və biz mediamızı nəhayət ki, bəlkə də ağır ifadədir, o bataqlıqdan çəkib çıxara biləcəyik.

Tarix: 15 Yanvar 2021, 22:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin