Törədicisindən asılı olmayaraq, hər bir yeni yaranan infeksiyaya qarşı effektiv vaksinin hazırlanmasına, elmin hazırkı inkişaf səviyyəsində belə, 10 ilə qədər vaxt lazım olması həqiqətdir (məsələn, tarix baxımından ən tez hazırlanan vaksinlərdən biri- Ebola qızdırmasına qarşı olmuşdur ki, buna da 5 il vaxt lazım gəlmişdir).
Lakin COVİD 19-a yoluxma reseptor mexanizmlərlə baş verdiyi və virusun genom strukturu məlum olduğuna görə, bu müddət COVİD-19 əleyhinə vaksinlərin hazırlanmasına aid deyildir. Vaxtı ilə bunu elmi cəhətdən əsaslandırıb, bu infeksiyaya qarşı effektiv vaksinin alınmasına illərlə zaman müddətinin tələb olunmaması haqqında söylədiklərim, hətta bir il keçməmiş belə, öz təsdiqini tapdı. Hazırda vaksinasiya kampaniyasına əksər ölkələrdə start verilmişdir.
Unutmaq olmaz ki, ilk dəfə hələ, XII əsrdə (1100-ci il) Çində aparılsa da, Avropa təbabətində tarixi 1721-ci ildən başlayan vaksinasiya, təbabət elminin xəstəliklər qarşısında, bütün tarixi dövrlərdə qazandığı ən böyük uğuru və qələbəsidir. Günümüzdə vaksinasiya hər il yer kürəsində 2 milyondan 3 milyona qədər insan həyatını ölümün pəncəsindən xilas edir. Artıq bir ilə yaxındır ki, COVİD-19 bütün dünyada insanlara elə bir psixoloji dəhşət yaşadır ki, insanlar tamamilə ümidsizləşib, hətta reallığa belə ehtiyatla, inamsız və şübhə ilə yanaşırlar. Sosial şəbəkələrdə və müxtəlif YouTube TV kanallarda fərqli İnsanlar vaksinasiyanın zərərli, hətta faciəli nəticələrə səbəb ola biləcəyi haqqında çıxışlar, paylaşımlar edirlər. Onlar bunu yaymaqla, onsuz da əsəbləri tükənmiş insanlar arasında əlavə qorxu, gərginlik və ruhi sarsıntı yaradırlar. Hətta həyat amalı və peşəsi insanlara sağlamlıq bəxş edib, onları qorumaq olan bəzi həkim və ziyalılar belə, COVİD-19 əleyhinə vaksinə şübhə ilə yanaşırlar.
İstəyirəm biləsiz və tam rahat olasız ki, hazırda tövsiyə olunan COVİD-19 əleyhinə vaksinlərdən heç biri, alınma mənbəyi, alınma yolu və istehsalçısından asılı olmayaraq, fəsad və xüsusi müdaxilə tələb edən ciddi arzuolunmaz əlavə effektlərə səbəb ola bilməz (enzim patologiyası olan çox az sayda insanlar nəzərə alınmazsa; bu cür şəxslərdə, istənilən vaksin və ya dərman preparatlarına qarşı atipik reaksiyalar, hətta daha ağır nəticələr belə ola bilər). Vaksinasiya zamanı xüsusi diqqət tələb edən əlavə effektlərin minimal olmasının əsas şərti, şübhəsiz ki, vaksinin sterillik və təmizlik dərəcəsidir. Müasir texnologiya ilə hazırlanan COVİD 19 əleyhinə vaksinlərdə bunun nəzərə alınmaması, praktik olaraq qeyri-mümkündür. Odur ki, vaksinasiyadan qorxmaq və əks təbliğatın aparılması yolverilməzdir.