BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz - Şeyx

“Alqı-satqı yolu ilə bu fəxri adları paylayanlar mətbuata çıxarılmalı, ictimai qınağa məruz qalıb cavab verməlidirlər. Bir-bir açıqlamalıdırlar ki, kimdən nə qədər alıblar. Onlar hamısı üzə çıxarılmalıdırlar!”

 

Bu sözləri Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Mədəniyyət Nazirliyi tərəfindən fəxri adların pulla satılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib:

 

“Həmkarım Rasim Balayevin fəxri adların satılması ilə bağlı fikirlərini oxudum. Onunla razıyam, mənim fikrimcə, mütləq belə məsələlərdə cəza tətbiq olunmalıdır. Xalqa Əməkdar artistlərin, Xalq artistlərinin siyahısı təqdim olunmalıdır, onların rəyləri öyrənilməlidir. Fəxri adlar obyektiv verilməlidir və onun mükafatı da normal olmalıdır, 100 manat yox. Mən hər zaman demişəm ki, bu fəxri adları ucdantutma hamıya verməyin. Bu gün xalqın Milli Qəhrəmanları, Qarabağ kimi bəşəri problemi qanı bahasına həll edən oğullarımız var. Onların adı ilə bir yerdə manısların  adı çəkilə bilməz, ayıbdır. Bu onların  ruhuna da hörmətsizlikdir”.

 

Rejissor deyib ki, əslində “xalq artisti” fəxri adı hər adamın layiq görüləcəyi, hər adama veriləcək ad deyil:

 

“Alqı-satqı yolu ilə bu fəxri adları paylayanlar mətbuata çıxarılmalı, ictimai qınağa məruz qalıb cavab verməlidirlər. İlk növbədə Xalq artisti fəxri adı verilən sənətçinin ailə mənsubiyyəti də bəlli olmalıdır. Bilinməlidir ki, bu insanın ailəsi, tərbiyəsi xalqın adını daşımağa layiq səviyyədədirmi? Yoxsa ailəsi, abır-həyası, isməti olmayan, küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz”.

 

Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan Ə.Mahmudbəyov prezident təqaüdü almaq üçün ölkə başçısına müraciət etdiyini bildirib:

 

“Mənim artıq 77 yaşım var və xəstəliyimlə bağlı çox çətinlik içərisində yaşayıram, həm maddi, həm mənəvi. Bütün sənədlərim nazirliyə təqdim edilib, həmçinin prezident təqaüdü ilə bağlı ölkə başçısına da müraciət  etmişəm. Əvvəla mən sənətim müqabilində bunu qazanmışam, təqaüd mənim halal haqqımdır. İndiyə qədər danışmamışam, amma indi danışıram çünki ehtiyac var. Mən özümü həmişə qazi saymışam. 20 Yanvar qazisiyəm, bu haqda mən heç vaxt danışmamışam, o baxdığınız kadrları çəkənlərin biri mənəm. Həmin vaxt hətta güllə yarası almışam. Mən yalançı erməni təbliğatını illərdir ifşa etdiyim üçün bu gündəyəm. İçimizdə, ocağımızın başında oturan ermənilər məni bu günə qoyublar. Nə fəxri adımı, nə evimi, nə də təqaüdümü verirdilər. Amma mən hər zaman işimi görmüşəm. Mən bu yolda özümü ideoloji qazi hesab edirəm, haqqımdır, istəyirəm ki, dövlət məni dolandırsın, artıq mən işləyə bilmirəm. Hər ay dostlar iynə-dərmanımı almağa yardım edir. Onların mənə borcu yoxdur axı. Niyə mənə salam verməyi özünə şərəf sayanlar hamısı illərdir prezident təqaüdü alır, mənsə ehtiyac içərisində yaşayıram?”

 

Yenisabah.az

Tarix: 16 Yanvar 2021, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin