“Vətəndaşlarımızın minimum ehtiyaclarını aclıq həddiylə müəyyənləşdiririk”

Azərbaycanda ünvanlı sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat müəyyən olunub.

 

Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytında belə yazılıb.

 

Bu məbləğ 2018-ci ildə 130 manat olub, 2019-cu ildə 13 manat artırılaraq 143 manata çatdırılıb. Ötən il artım 17 manat, bu ilsə 10 manat təşkil edib və beləliklə, hazırki hədd müəyyənləşib.

170 manatlıq ehtiyac meyarı ərzaq məhsullarının, qeyri-ərzaq mallarının və ödənişli xidmətlərin qiymətlərinə uyğundurmu?

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-mart aylarında 2017-ci ilə nisbətən ərzaq məhsullarında bahalanma 4,5 faiz, qeyri-ərzaq məhsullarında 4,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərində 2,9 faiz olub.

 

2019-cu ilin yanvar-may aylarında isə 2018-ci ilin müvafiq dövrünə nisbətən ərzaq məhsullarının qiymətləri (eyni zamanda içki və tütün məhsullarının) 2,3 faiz, qeyri-ərzaq məhsullarının 1,3 faiz, ödənişli xidmətlərin qiymətləri isə 3,4 faiz artıb. 2020-ci ilin ilk 6 ayında Azərbaycanda istehlak qiymətləri 2019-cu ilin yanvar-iyun aylarına nisbətən 3 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları isə 5,5 faiz bahalanıb.

 

Tarif Şurası benzinin baha qiymətini artırmaqla bağlı qərar qəbul edəndən (4 yanvar 2021) sonra da qiymət artımı müşahidə olunmaqdadır. Hesablamalara görə, donmuş ərzaq məhsullarında orta hesabla 15 faiz, ərzaq məhsullarında 10 faiz, qeyri-ərzaq məhsullarında isə 20 faiz artım olub.

 

"Toplum TV”-nin ehtiyac meyarının hesablanmasıyla bağlı sualına cavab verən iqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda bu anlayışının haradan götürülməsi və nəyə əsaslanması sualının cavabı olmadığını bildirir:

 

"Hökumət bu suala cavab verə bilmir. Yoxsulluğun ölçülməsi üçün istifadə olunan göstərici yaşayış minimumudur. Dünyada bu minimumun dəyəri bir qayda olaraq yoxsullara veriləcək müavinətin həddi kimi götürülür".

 

 

Ekspert qeyd edir ki, Azərbaycan hökuməti yoxsullara müavinət vermək üçün ehtiyac meyarını əsas götürür, halbuki ehtiyac meyarı anlayışı yox, yaşayış minimumunun dəyəri anlayışı olmalıdır.

 

"Bu minimumun insanların ehtiyaclarını nə dərəcədə qarşılayıb-qarşılamadığı müzakirə oluna bilər və dəfələrlə müzakirə olunub. İlk dəfə yaşayış minimumu haqqında qanun 2004-cü ildə qəbul edilib. O vaxtdan bu anlayışa yanaşma dəyişməyib. 2005-ci ildən – ölkəyə neft pulları gələnədn sonra Azərbaycanın statusu dəyişdi və orta-yuxarı gəlirli ölkə qrupuna keçdi, o cümlədən yaşayış standartları da dəyişdi".

 

 

Ekspert deyir ki, Dünya Bankının yanaşmasına görə, aşağı gəlirli ölkələrlə orta, orta-yuxarı və yuxarı gəlirli ölkələrdə yoxsulluğun ölçülməsinə yanaşma səviyyəsi fərqli olmalıdır. O, Dünya Bankının aşağı gəlirli ölkələrdə gündəlik yaşayış xərcini 1,9 dollar müəyyənləşdirdiyini xatırladır: "Bu, acından ölməmək üçündür”.

 

R.Ağayev Azərbaycan kimi orta və orta-yuxarı gəlirli ölkə qruplarında gündəlik minimum yaşayış dəyərinin 3,2 dollar, inkişaf etmiş ölkələrdə isə 5,5 dollar müəyyənləşdirildiyini bildirir:

 

"Biz faktiki olaraq aşağı ölkə qrupundan çıxmışıq, amma hələ də vətəndaşlarımızın minimum ehtiyaclarını 3-cü dünya ölkələrinin səviyyəsi ilə götürürük, yəni aclıq həddi ilə. Ona görə də bizdə demək olmaz ki, hazırda tətbiq olunan yaşayış minimumu insanların minimum fizioloji ehtiyaclarını ödəyir".

 

Ekspert hesab edir ki, istehlak səbətinin tərkibi dəyişdirilməlidir. O, Azərbaycandakı yaşayış minimumunda ət istehlakının bir nəfər üçün 32 kiloqram müəyyənləşdirildiyini, Qazaxıstanda bu həddin 45 kiloqram olduğunu bildirir. Rövşən Ağayevin qənaətinə görə, bugünkü yaşayış minimumu insanların layiqli həyat yaşamasına imkan vermir.

 

İqtisadçı hesab edir ki, ancaq istehlak səbətinin tərkibi dəyişəndən sonra ehtiyac meyarının həddiylə bağlı dəqiq rəqəm demək olar: "Məsələnin fundamental tərəfini həll etdikdən sonra texniki tərəfi də həll olunacaq".

 

İqtisadçı Rəşad Həsənov da ehtiyac meyarının hesablanması qaydalarından narazıdır:

"Azərbaycanda ehtiyac meyarı istehlak səbətinin sturkturuna əsasən hesablanır, bir sıra xidmətlər çıxarılmaq şərtilə. İşləməyən insanlar olduğu üçün onların bir sıra xidmətlərə ehtiyacı olmur. Qiymətləndirmə belə aparılır. Yaşayış standartları da onlarda daha aşağı götürülür. İstehlak səbətinə uyğun olaraq orta göstərici 196 manat olanda gəlir 270 manata yüksəlir. Hesablama bu şəkildə aparılır" – O, Azərbaycanda bu sahədə konkret qanunvericiliyin, metodologiyanın olmadığını və hazırki hesablama qaydasının da heç vaxt ictimailəşdirilmədiyini qeyd edir.

 

Meyarın artım tempini iqtisadçı belə şərh edir:"160 manatlıq ehtiyac meyarı 10 manat artırılaraq 170 manat oldu, amma 190 manatlıq istehlak səbəti - yaşayış minimumu 6 manat artırıldı. Qiymət indeksinin dəyişilməsi məsələsi tətbiq olunsaydı, artım ikisində də eyni nisbətdə olmalı idi. Burada qarışıqlıq var".

Rəşad Həsənov 170 manatın vətəndaşların ehtiyaclarını ödəmədiyi qənaətindədir. Həm insanların yaşayış tərzinin, həm də istehlak səbətindəki məhsulların kəmiyyət və keyfiyyətinin dəyişdiyini söyləyən iqtisadçı hesab edir ki, yaşayış minimumu, minimum əmək haqqı və istehlak səbəti də reallığı əks etdirmir:"Mənə maraqlıdır, bunlar necə hesablanır. İstehlak səbətindəki məhsullar bazarda ikiqat baha satılır. Biz bununla bağlı hesablamalar aparmışıq. Ötən il üçün məbləğ 350 manata gəlib çıxırdı".

Tarix: 16 Yanvar 2021, 21:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin