Yanvarın 19-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyevanın təmsil olunduqları nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sədr qeyd edib ki, bu təşkilatlar xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə layiqli töhfələr verir.
Türkdilli dövlətlər arasında əməkdaşlığı təşviq etmək məqsədi ilə yaradılmış Türk Şurası qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində məqsədyönlü və uğurlu addımlar atır.
Bildirilib ki, bu gün ölkələrimizin liderləri arasında nümunəvi dostluq münasibətləri formalaşıb. Dövlət başçılarımızın siyasi iradəsi, ortaq köklərimizə sərgilədikləri hörmət və qayğı yüksək təqdirəlayiq olmaqla yanaşı, hər kəs üçün örnək təşkil edir.
Nümayəndə heyəti üzvlərinin Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfərlərini yüksək qiymətləndirən Spiker müzəffər ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əldə etdiyi uğuru böyük tarixi hadisə kimi dəyərləndirib. Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan Ordusu öz Zəfəri ilə münaqişənin həllinə dair bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan hüquqi sənədlərin, o cümlədən, BMT-nin müvafiq qətnamələrinin icrasını həyata keçirdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Sahibə Qafarova Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyə görə Türk Şurasının Baş katibinə təşəkkür edib.
Bildirilib ki, bu qurum təkcə türk dövlətlərini bir araya gətirməklə kifayətlənmir, həmçinin digər dövlətlər və regionlar arasında da körpü rolunu oynamağı hədəfləyir. Milli Məclis qanunverici orqan olaraq, bundan sonra da Şura çərçivəsində inteqrasiya proseslərinin daha da dərinləşməsinə dəstək verəcək. Çünki bu təşkilat öz fəaliyyətində ortaq tarix, dil, kimlik və mədəniyyət kimi dəyərlərə əsaslanır.