Azərbaycanın vəzifəsi 2030-cu ilədək yeni 10 illik inkişaf planına uyğun olaraq ölkənin ÜDM-sini iki qat artırmaqdır. Bu isə orta illik iqtisadi artım tempi 7 faizə bərabər olmasını tələb edir.
Pravda.az xəbər verir ki, bunu "Bloomberg"ə müsahibəsi zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bu il Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulması üçün 2,2 milyard manat (1,3 milyard dollar) ayırılacaq:
"Koronavirusun yayılması və Azərbaycanın daha əvvəl işğal altında olan əraziləri üzərində nəzarəti bərpa etdiyi Ermənistanla müharibə nəticəsində yaranan tənəzzüldən sonra bu il Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir".
Onun sözlərinə görə, ümumi daxili məhsulun 2020-ci ildə 4,3 faiz azalmasından sonra 3,4 faiz artması proqnozlaşdırılır: "2021-ci il üçün proqnozlarımız Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozlarına nisbətən daha optimistikdir".