Daxili İşlər Nazirliyi şəmkirli iş adamının sosial şəbəkələrdə Kəlbəcərdən qayıdarkən pandemiya qaydalarını pozduğu üçün saxlanılması barədə yaydığı və digər həqiqətə uyğun olmayan böhtan xarakterli iddialarına cavab verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin məlumatı sosial şəbəkələrə ötürən, Şəmkir rayonunda fəaliyyət göstərən “Qala” restoranının sahibi Tural Zeynalov ötən il noyabr ayının 1-də axşam saatlarında işlətdiyi restorandan çıxıb axtarışda olan, 99-PC-390 nömrəli avtomobil ilə hərəkətdə olan zaman saxlanılıb. O, polisin qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı və hərbi rejim qaydalarını kobud surətdə pozaraq avtoxuliqanlıq hərəkətləri ilə ictimai asayişi nümayişkaranə şəkildə pozub.
Buna görə də T. Zeynalov barəsində İXM-in 510, 511.1, 517-2.1 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.