BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bəzi hallarda yozulur ki, Rövnəq müəllimin səlahiyyətləri əlindən alınır...”

Xəbər verdiyimiz kimi, yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, SOCAR fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün bu qurumun Müşahidə Şurası yaradılıb.

 

İqtisadçı-ekspert Rəşad Həsənov fərmanı şərh edib.

 

O bildirib ki, dövlət müəssisələrinin fəaliyyəti qənaətbəxş deyil, ciddi problemlər var və dövlət büdcəsi üzərində yük yaradır: “Ümumiyyətlə, bu müəssisələrin dövlət büdcəsinə qatqısı yoxdur, iqtisadiyyatda zəif iştirakçılığı var, eyni zamanda özlərinin fəaliyyət sahələrində təbii inhisarçılıq yaradıblar. Bunun nəticəsində də ədalətli rəqabət mühiti aradan qalxıb.

 

Bir sözlə, kifayət qədər problemlər var, ötən il ölkə başçısı da bu barədə danışdı. Daha sonra İnvestisiya Holdinqi yaradıldı. Bu Holdinqin əsas məqsədlərindən biri də məhz qeyd edilən nöqsanların aradan qaldırılması, korporativ idarəetmə standartlarının tətbiqi imkanlarının genişləndirilməsidir”.

 

Ekspert deyir ki, SOCAR diqqət mərkəzində olan qurumlarından biridir: “Kifayət qədər böyük aktivləri öz əlində cəmləşdirib, 60 milyard manatdan artıq aktivi olan bir müəssisədir. Ölkənin neft sektorunda yeganə fəaliyyət göstərən Azərbaycan mənşəli müəssisədir. Bu baxımdan diqqət mərkəzində olması da başadüşləndir. Ölkə iqtisadiyyatına qatqısı, eləcə də dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirakı baxımdan bu şirkətdən gözlənti çoxdur. Amma təəssüf ki, bunlar yoxdur”.

 

Rəşad Həsənov hesab edir ki, Müşahidə Şurasının yaradılmasını təklif edən İnvestisiya Holdinqi olub: “Çünki Holdinqin bu sahədə müəyyən ilkin qiymətləndirməsi olub. Adətən təcrübə göstərir ki, Azərbaycanda Müşahidə Şurası effektiv struktur deyil. Yəni, Müşahidə Şurasının özünün də institut olaraq gücləndirilməsinə ehtiyac var. Müşahidə Şurası rübdə bir dəfə iclasları keçirən, idarə heyəti təqdim olunmuş hesabatlara imza atan bir strukturdur. Ümumiyyətlə, Müşahidə Şurasının bir çox təmsilçiləri həmin qurumun nə fəaliyyətlə məşğul olduğunu, onun real vəziyyətini o qədər də ciddiyə almır. Sadəcə imza atmaqla təqdim olunan hesabatları təsdiqləyən bir qurumdur, ciddi nəsə verə bilməz.

 

Yenə də SOCAR-ın idarəetməsində əvvəlki struktur olacaq. Bəzi hallarda yozulur ki, Rövnəq müəllimin səlahiyyətləri əlindən alınır və sair... İnstitutsional olaraq bu, o halda mümkündür ki, təkcə SOCAR-da deyil, Azərbaycanda bütün qurumlarda müşahidə şurası institutu özü gücləndirilsin. Əslində qanunvericiliklə kifayət qədər böyük səlahiyyətləri var, amma parktik olaraq şura effektiv və çevik bir institut deyil”.

 

SOCAR-ın İnvestisiya Holdinqindən çıxarılmasına gəlincə, ekspert qeyd edib ki, şirkət problemin olması səbəbindən Holdinqin tərkibinə verilib: “Ümumiyyətlə, Azərbaycanda proqnoz aparmaq çox çətindir. Hər şey ola bilər. Prezidentin müşavirədə xüsusilə adını çəkdiyi bir neçə qurum var – SOCAR, AZAL kimi dövlət şirkətlərinin İnvestisiya Holdinqinin tərkibində saxlanılması cəhdi davam edəcək. Amma hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir. Çünki bəzi hallarda Azərbaycanda qərar qəbul etməyə subyektiv faktorlar ciddi təsir göstərir. SOCAR Holdinqin tərkibindən subyektiv maraqlar səbəbindən çıxarıla bilər, amma indiki halda bu, görünmür”.

 

Teleqraf

Tarix: 26 Yanvar 2021, 00:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin