2021-ci ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən, kompleks yenidənqurma və tikinti işlərinə start verilib. Məhz bu çərçivədə Ağstafa rayonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib.
AAYDA-dan verilən məlumata görə, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci km-dən götürür. II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 km təşkil edir.
Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir.
Hazırda yeni yol boyu yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilir. Bundan başqa, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün işlər görülür, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilərək, yol yatağı genişləndirilir.