"Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət“ sistemi ("Smart Customs” mobil tətbiqi) ötən ilin sentyabr ayında istifadəyə verilib, internetin ölkə ərazisində müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar proqramın istifadəsinə dair məcburiyyət 2020-ci ilin sonuna qədər aradan götürülüb.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ötən ilin sonunda Komitənin ictimaiyyətə təqdim etdiyi “Smart Customs” mobil tətbiqi ilə bağlı yaranmış narazılıqlara aydınlıq gətirərək bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində proqramda təkmilləşdirmələr aparılıb və cari ilin əvvəlindən yenidən tətbiqinə başlanılıb: “Smart Customs” mobil tətbiqi gömrük xidmətlərinin mobil platformaya daşınmasını, bununla da gömrük xidmətlərinə əlçatanlığın səviyyəsinin yüksəldilməsini hədəfləyən bir layihədir. Hazırda təkmilləşdirilmiş versiyada ilkin olaraq “Sadələşdirilmiş bəyannamə - elektron ticarət”, “Elektron növbə”, “Sürətli keçid” və “Yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması” gömrük xidmətləri öz əksini tapıb və gələcəkdə xidmət növlərinin sayi daha da artacaq”.