Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri Siyavuş Novruzov müsahibə verib. Komitə sədri gündəmdəki əsas mövzularla bağlı sualları cavablandırıb, bəzilərini isə ənənəvi qaydada zamanın ixtiyarına buraxıb. Müsahibəni təqdim edirik.
- Siyavuş bəy, parlamentin yaz sessiyasının ilk iclasında çox aktiv təsir bağışladınız və bir sıra vacib məsələlərə toxundunuz. Belə qənaət ortaya çıxır ki, YAP icra katibinin müavini vəzifəsindən gedəndən sonra daha sərbəst şəkildə, hətta müxalifətçisayağı çıxışlar edirsiniz. Belə demək olarmı ki, partiyadakı vəzifə sizin əl-qolunuzu bağlayırdı?
- Qəti şəkildə. Burada nə var ki? Mən indi də partiyanın ən yüksək orqanının, İdarə Heyətinin üzvüyəm. Lap sıravi üzv olaraq qalsam da belə, yenə də partiyanın maraqları mənimçün əsasdır. Mən iclasda bir neçə məsələni qaldırdım. Hansı ki, onlar qanunvericiliklə tənzimlənməlidir. Məsələn, hərbi qulluqçuların əmək haqqı ilə bağlı xeyli vaxtdır söz-söhbət gedir. İlk növbədə biz bilmirdik ki, sentyabr ayında müharibə başlayacaq. O baxımdan da büdcədən Müdafiə Nazirliyinə ayrılan vəsait əvvəlki il necəydisə, o şəkildə ayrılmışdı. Dünya təcrübəsində belədir ki, ön cəbhədə olanların xidmət dövrü üçqat hesablanır. Məsələn, bizim Əfqanıstandakı sülhməramlı missiyamızdakı zabitlərimizin bir illik xidmət müddəti 3 il hesablanır. Yəni o stress, gərginlik, psixoloji durumla əlaqədar olaraq onların əmək haqqı da bir neçə qat artıq hesablanır. Hətta bəzi ölkələrin səfirliklərinin səfir və əməkdaşları Azərbaycanı müharibə aparan ölkə olaraq təqdim edirdilər ki, dövlətlərindən bir neçə qat artıq əmək haqqı alsınlar. Bu baxımdan əlbət ki, müxtəlif yerlərdə olan insanlar ayrı-ayrı kateqoriyaya uyğun götürülməlidir. İkinci tərəfdən, yüksəkliklərlə bağlı məsələ var ki, bu, yalnız hərbçilərə deyil, müəllimlərə, həkimlərə və digərlərinə də şamil olunub. Əslində yüksəkliklə bağlı ideyanın müəllifi mənəm. Çünki mənim seçildiyim ərazinin, Şahbuz rayonunun ən aşağı nöqtəsi dəniz səviyyəsindən 1500 metr hündürlükdədir. Bu baxımdan da mən o vaxt bu məsələni qaldırdım, Nazirlər Kabinetinə getdim, onlar da dəstək verdilər, cənab Prezidentə müraciət etdilər. Cənab Prezident fərman verdi və Nazirlər Kabineti öz qərarı ilə bunu təsdiq etdi ki, nə qədər yüksəklik olanda əmək haqqı nə qədər ola bilər. Mənim seçildiyim dairədə elə kəndlər var ki, orada işçi əmək haqqını, üstəgəl maaşının 25 faizini alır. Kəlbəcər, Laçın, Gədəbəyin, Tovuzun dağlarında dayanan həm sərhədçi, həm hərbçi ilə Nəvaidə, yaxud başqa yerlərdə olanlar eyni əmək haqqı ala bilməz.
- Sizcə, hərbçiləri, qəhrəman oğullarımızı narazı salanlar kimlərdir, məqsədləri nədir?
- Bunun zamanı deyildi. Hələ biz qələbəmizə sevinib, axıra qədər başa çatdırmamışıq, dərhal bu varianta keçmək... Başa düşürəm, ölkə müharibə aparıb, xərcləri çoxdur, amma indi bunun zamanı deyildi. Həm də o qədər böyük zabit heyəti yoxdur ki, biz deyək bu qədərdir. Yəqin ki, məsələyə baxılacaq və inşallah, öz həllini tapacaq.
- Siyavuş bəy, YAP-ın icra katibi mühüm dövlət vəzifəsinə təyin olundu, həmçinin icra katibinin digər müavini. Amma siz uzun illər icra katibinin müavini olsanız da, nəinki vəzifəyə təyinat almadınız, hətta partiyada tutduğunuz vəzifədən də getdiniz. Bu gedişat, sizcə, nə vəd edir?
- Hələ orada işləyən vaxt mənə dəfələrlə təkliflər olub. Mən hesab edirdim ki, partiyada daha çox iqtidara xeyir verə bilərəm. İndi də partiyadayam, YAP-dan millət vəkili seçilmişəm, komitə sədriyəm, partiyanın İdarə Heyətinin, Siyasi Şurasının üzvüyəm.
- Bütün bunlar “karantindəki toy”a görə baş verdi, eləmi?
- Səhv etmirəmsə, ondan 20-22 gün qabaq elə sizə müsahibəmdə demişdim ki, artıq yorulmuşam, iş yükü getdikcə artır, artdıqca da adam yorulur. O baxımdan da qabaqcadan demişdim ki, bəlkə bu yaxınlarda mən çıxıb getdim. Həm də mən öz ərizəmlə getmişəm.
- O əhvalatdan sonra Ramiz Mehdiyevlə təmasınız olmayıb ki?
- Qəti şəkildə.
- Akademikin AMEA-dakı fəaliyyəti, təyinatları birmənalı qəbul olunmur. Bugünlərdə vitse-spiker Adil Əliyev də tənqidi fikirlərini bölüşmüşdü. Sizin münasibətiniz maraqlıdır...
- Oxudum. Hərə özü bilər, düz deyir, ya səhv deyir. Öz aralarında məsələlərini həll eləsinlər, mən belə şeylərə qarışmıram.
- Prezidentin məmurlarla bağlı açıqladığı məlumatlar, səsləndirdiyi sərt tənqidi fikirlər və xəbərdarlıqlar gündəmin əsas mövzularındandır. Hakim partiyanın deputatı və həmin məmurları yaxından tanıyan şəxs olaraq ölkə başçısının dediklərini necə qarşıladınız?
- Normal qarşıladım. Bilirsiniz, Prezident həmişə bunu deyib, ilk dəfə deyil ki. Bütün müşavirələrdə, toplantılarda, ilin yekunları ilə bağlı hökumətin yığıncaqlarında həmişə deyir ki, bütün bu yaranan, düzələn, qurulan hər şey Azərbaycan xalqı üçündür. Məmurun qapısı açıq olmalıdır, insanları, vətəndaşları incitməməlidir. Bundan əvvəlki çıxışında Prezident demişdi əgər mən eşitsəm ki, məmur belə iş tutur, nəinki işdən çıxaracağam, həm də cəzalandıracağam. Cənab Prezident təyin edir və azad edir. Kim yaxşı işləyəcəksə, o, işini davam etdirəcək. Kim Prezidentin tövsiyələrini, tapşırıqlarını layiqincə yerinə yetirməyəcəksə, tutduğu vəzifədən azad olunacaq.
- Doğrudur, Prezident bir neçə dəfə xəbərdarlıqlar edib. Amma bəzi məmurların əsgərimizin qanı bahasına düşməndən təmizlənən Şuşanı ələ keçirmək üçün plan-konspekt hazırladıqları məlum oldu. Bu, sizi heyrətləndirmədi?