Azərbaycanın 44 günlük ikinci Qarabağ savaşında qalibiyyətinə səbəb olan amillərdən biri də qardaş Türkiyənin yanımızda olması oldu.
Bu müharibə Türkiyənin sözüylə əməlinin üst-üstə düşməsini də dünyaya nümayiş etdirdi.
Ancaq Rusiyanın təkidi ilə imzalanan məlum Sazişdən sonra cəmiyyətdə qardaş Türkiyənin bu prosesdən kənarlaşdırılması təsüratı yarandı.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral müsahibəsində bir sıra açıq qalan suallara cavab verib.
Səfirlə söhbəti təqdim edirik:
-Cənab səfir, birinci ondan başlayaq ki, Türkiyənin Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş 10 noyabr razılaşmasında iştirakı və rolu nədən ibarət olub? Azərbaycanda bu atəşkəsin 4-lü formatda olmasını, yəni, Türkiyənin də iştirakını arzulayırdıq. Bu, niyə mümkün olmadı?
-Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin mövqeyi 30 ilə yaxındır ki, eyni qalıb. Bu məsələdə siyasətimiz heç zaman dəyişmədi. Bu da ondan ibarət olub ki, Dağlıq Qarabağ problem Azərbaycanın olduğu kimi, Türkiyənində qəlbində bir yaradır. İlk gündən bəyan etmişik ki, problemin həlli ilə bağlı Azərbaycanın qəbul edəcəyi qərarı biz də dəstəkləyəcəyik. Yetər ki, Azərbaycan “mənim üçün uyğundur” desin. Müharibə dönəmində də bu siyasətimizdə heç bir dəyişiklik olmadı. Sonuna qədər Azərbaycanın yanında olduq.
Azərbaycanın qəbul edə biləcəyi bütün variantları biz də qəbul edəcəyimizi dünyaya bəyan etdik.
Türkiyə bu prosesin içində oldu. Bunun içində olduğumuzun ən önəmli göstəricisi isə keçən həftə Rusiya ilə Ağdamda ortak müşahidə məntəqəsinin açılmasıdır. Müharibədən sonra da atəşkəsin qorunması prosesində varıq. Biz Türkiyə Cümhuriyyəti olaraq Azərbaycana ehtiyac duyduğu hər məsələdə əlimizdən gələn dəstəyi verməyə hazırıq. Bu məsələlərdə Azərbaycanla aramızda eyni fikir birliyi var.
– Cəmiyyətimizdə ən çox soruşulan sual budur ki, Türkiyə, niyə Rusiya ilə eyni sayda əsgər göndərmir? Azərbaycanlılar arzu edir ki, türk ordusu Şuşada, Kəlbəcərdə və Qarabağın bir sıra bölgələrində yerələşsin. Çünki, Rusiyanın anlaşmanı tez-tez pozduğunu görürük və bu tendensiyanın genişlənməsi təhlükəsi var.
– Bizim Azərbaycanla hərbi sahədə müxtəlif səviyyəli əməkdaşlığımız var. Bu anlaşma çərçivəsində türk ordusunun əsgərləri Azərbaycanda olub. Çoxsaylı birgə təlimlərimiz olub. Bunların bir qismi Türkiyədə, bir qismi Azərbaycanda gerçəkləşib. Hazırda Qarsda bu təlimlər gedir. Əsgəri anlamda yüksək səviyyədə münasibətimiz var. Atəşkəs dönəmi üçün də Rusiya ilə eyni sayda mərkəzdə təmsil olunuruq. Burada türk və rus əsgərləri birlikdə atəşkəsə nəzarət edir. Bayaq, adını çəkdiyiniz yerlərdə rus əsgəri yoxdur. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan nə zaman bunu istəsə biz hazırıq. Azərbaycanın ehtiyacı, tələbi çərçivəsində bu məsələlər həll olunasıdır.
– 44 günlük müharibədə Türkiyənin Azərbaycana siyasi mənəvi dəstəyi mühüm rol oynadı. Eyni zamanda hərbi sənaye komplkesinin Azərbaycana verdiyi müasir silahlar, pilotsuz döyüş aparatları qələbənin əldə olunmasına böyük töhfə Azərbaycanda belə istəklər var ki, ordumuz Türkiyə standartları ilə yenidən formalaşsın. Türkiyə buna hazırdırmı?