Fevralın 4-də Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə keçirilib.
Pravda.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Mətbuat və İctimayyətlə Əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, dinləməyə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Sədr müavini Fəzail İbrahimli, deputatlar, Səhiyyə Nazirliyinin və müvafiq qurumların nümayəndələri qatılıblar.
Onlayn toplantını giriş sözü ilə açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, koronavirus infeksiyasının mövcudluğu dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də hər kəsi narahat edir. Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə baş tutan bu tədbirin məqsədi ölkəmizdə pandemiya şəraitində ümumi vəziyyətin, həyata keçirilən mübarizə tədbirlərinin müzakirə edilməsidir. Əhliman Əmiraslanov qeyd edib ki, COVİD-19 infeksiyasının qarşısının alınması və təhlükəsiz idarə olunması dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Ötən il Azərbaycanda bununla bağlı böyük işlər görülüb.
Komitə sədri məsələ ilə əlaqədar qanunvericilikdə müəyyən dəyişikliklər həyata keçirildiyini diqqətə çatdırıb. Bu gün koronavirusla bağlı vəziyyətin stabil olduğunu, yoluxma ilə azalma arasında ciddi fərqin olmadığını bildirən komitə sədri vurğulayıb ki, heç bir şəkildə arxayınlaşmaq və profilaktik müdafiə tədbirlərini zəiflətmək olmaz.
Onlayn iclasda İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək əhalinin sağlamlığının qorunması istiqamətində icbari tibbi sığortanın vacib element olduğunu diqqətə çatdırıb. O, 2020-ci ildə Azərbaycanda icbari tibbi siğortanın həyata keçirilməsinin gedişatı ilə bağlı ətraflı məlumat verib. Qeyd edilib ki, ötən il 23 rayonda icbari tibbi sığorta tətbiq edilib, tibbi xidmətlər zərfində nəzərdə tutulan xidmətlərdən həmin rayonların əhalisinin təqribən 50 faizi istifadə edə bilib. Zaur Əliyev əhalinin göstərilən xidmətlərdən çox məmnun qaldığını da vurğulayıb.