“AzərEnerji” ölkənin ən böyük və bir nömrəli strateji əhəmiyyətli yarımstansiyası hesab olunan və 36 il əvvəl tikildiyindən istismar müddətini başa vuran 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasını yenidən qurur.
Pravda.az xəbər verir ki, bir neçə ay əvvəl başlanan yenidənqurma işləri nəticəsində “Abşeron” yarımstansiyasının 500, 330 və 220 kilovoltluq açıq paylayıcı qurğularında avadanlıqlar yenilənməklə yanaşı, paylayıcı qurğuların ərazisi genişləndirilib.
Tikintisi nəzərdə tutulan, Azərbaycan və Rusiya enerjisistemlərini əlaqələndirən ikinci 330 kV-luq “Dərbənd” Hava Xəttinin yuvası quraşdırılıb. Ərazidə müasir tipli rəqəmsal panellər, mikroprosessor tipli rele mühafizəsi, həmçinin idarəetmə qurğuları və sabit cərəyan qurğuları ilə təchiz olunan yeni idarəetmə binası tikilib. Hazırda avadanlıqların montaj işləri aparılır. Burada məsafədən idarəolunan SCADA dispetçer sistemi, yeni layihə əsasında əks-qəza avtomatikası və yanğınsöndürmə sistemi yaradılır. Yarımstansiyaya 3 km məsafədə yeni asfalt yol çəkilir.