Baş Prokurorluğun və DİN-nin mətbuat xidmətlərinin birgə məlumat yayıb.
Pravda.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, cari il yanvarın 17-də paytaxtın Pirallahı rayon sakini 1981-ci il təvəllüdlü Ramazanova Lalə Ələmdar qızının itkin düşməsi ilə bağlı Pirallahı rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Lalə Ramazanovanın qəsdən öldürülməsi müəyyən edilib.
Araşdırmalarla 1975-ci il təvəllüdlü Telman Mövsümzadə 17 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə Lalə Ramazanovanı aralarında yaranmış mübahisə nəticəsində bıçaqla xəsarətlər yetirərək öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti həmin evin həyətinə basdırmasına əsaslı şübhələr müəyyən edilmişdir.