Vəzifədən azad olunmaqla canını qurtamış sayan sabiqlər yavaş-yavaş istintaqa cəlb olunmaqdadır. İstintaqın gedişi göstərir ki, söhbət min yox, milyonlarla büdcə vəsaitinin mənimsənilməsindən gedir. Hər gün yeni istintaqlar, həbslər kələfin ucunun tapılacağına doğru gedir.
Bu ərəfədə məmurların kabusuna çevirilən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qara maskalıları vəzifədən göndərildikdən sonra belə, günahkarları qarabaqara izləməkdədir. Necə deyərlər, vəzifədən uzaqlaşmaq onları məsuliyyətdən uzaqlaşdırmır.
Bu barədə danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, islahatların içərisində xüsusi yer alan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox önəmli əhəmiyyət kəsb edir:“Bununla bağlı fikirlər cənab Prezident tərəfindən 2018-ci ildə xüsusi intonasiya ilə deyilmişdi. Ölkə başçısı andiçmə mərasimində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparacağını açıq dedi. İndi o çıxışın konkret nəticələrini görürük. İstər vəzifədən uzaqlaşdırılan, istərsə vəzifədə olan hər kəs bu məsuliyyətdən yaxa qurtara bilməyəcək”.