“Koronavirusa qarşı aparılan mübarizə tədbirləri effektiv nəticə verib. Pandemiya elan olunanda insanlar bu virusun mövcudluğunu ciddiyə almırdılar. İnsanların qaydalara riayət olunmasını təmin etmək üçün dövlətimiz məcbur olaraq inzibati cəza tədbirlərinə əl atmalı oldu. Bütün ölkədə sərt karantin rejimi tətbiq olunmaqla insanların təması minimuma endirildi”.
Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın fikrincə, bugünkü müsbət nəticəyə dövlətin tətbiq etdiyi sərt nəzarət tədbirləri sayəsində nail olunub: “İndi tətbiq olunmuş sərt karantin rejimində yumşalmalar aparılır. Müəyyən sahələrin fəaliyyətinə icazələr verilir. Amma burda müşahidə olunan odur ki, insanlar koronavirus infeksiyasının möcudluğunu dərk edib. İctimai yerlərdə hamının tibbi maska taxıldığını görürük.
Başa düşməliyik ki, koronavirus hələ də bizimlə yaşayır. Yumşalmalar olsa da, qaydalar əvvəlki kimi qüvvədə qalır. Hamı tibbi maska taxmalı, sosial məsafə gözləməli, şəxsi gigiyenasına fikir verməlidir. Məhz belə olan halda yoluxmaların yenidən genişlənməsinə imkan verməmiş oluruq.