Son bir ayda Respublika Prezidenti İlham Əliyev bir neçə dəfə yerli telekanallara müsahibə verib. İlk baxışdan adi görünür, deyilmi?!…
Amma digər sahələrin adamları üçün bu adi görünsə də, mətbuat cameəsi üçün bu, əlamətdar hadisədir. Çünki son 15 ilin statistikasına baxanda ölkə başçısının çox nadir hallarda yerli mətbuat orqanlarına müsahibə verdiyini görərik. Lakin son bir ildə bu, adi hala çevrilib. Bu isə onu göstərir ki, cənab Prezident ölkə mətbuatına inanır, güvənir və jurnalistlərlə işləmək istəyir. Bu isə böyük hadisədir. Çünki mətbuat cəmiyyətin güzgüsüdür. Yalnız mətbuat cəmiyyətin nöqsanlarına, hakimiyyətin səhvlərinə aydın güzgü tuta bilər.
Bəs, son 15 ildə mətbuat öz missiyasından niyə yayınmışdı? Daha doğrusu, nəyə görə sapdırılmışdı? Mən məhz bu barədə danışmaq istəyirəm. Normal cəmiyyətdə mətbuatı dördüncü hakimiyyət adlandırırlar. Bu gün mətbuat məişətimizin, gündəlik həyatımızın əsas hissəsinə çevrilib. Doğrudur, bəzi vətəndaşlar heç də həmişə yerli mətbuatdan istədiklərini ala bilməyib. Ona görə də ac oxucu və tamaşaçı üz tutub Rusiya, Türkiyə və Avropa mətbuatına, xarici televiziyalara. Bu cür insanlar sonra da qayıdıb deyiblər ki, “Bizdə oxumalı qəzet, baxmalı televiziya kanalı yoxdur”. Əslində hörmətli vətəndaş fikrində haqlıdır. Amma bu cür düşünənlər nə yazıq ki, mətbuatın mətbəxindən xəbərsizdirlər.
Bir milləti məhv etmək istəyirsənsə, öncə onun görən gözünü ovmalı, danışan dilini kəsməlisən. Necə ki son 30 ildə müstəqilliyimizi, inkişafımızı istəməyən dövlətlər bu istiqamətdə bizə qarşı əllərindən gələni ediblər. Bu işdə isə onlara “sapı özümüzdən olan baltalar” yardımçı olublar. Bir qisim “soydaşımız” Azərbaycanı İranın bir parçası, bir qisim “soydaşımız” Rusiyanın əyaləti, başqa bir qisim isə Avropanın “dış qapının dış mandalı” kimi “görüb”. Ən dəhşətlisi isə odur ki, bir qisim “soydaşımız”, ümumiyyətlə, bu millətin kökünü qaşımaq, dövlətimizi məhv etmək istəyib. Bunlar əsasən “5-ci kolon”un üzvləri olublar. Onların başında isə Ramiz Ənvəroviç Mehdiyev dayanıb. Mehdiyevin bu işdə ən sadiq və yaxın köməkçisi isə Əli Həsənov olub.
Bu cütlüyün son 20 ildə Azərbaycan dövlətinə vurduğu zərərin bərpasına hələ uzun müddət vaxt lazımdır. Mənəviyyatımıza vurulan zərbə isə çətin ki, bərpa edilə. Ramiz Ənvəroviç başda olmaqla “5-ci kolon”nun üzvləri uzun müddət dövlətin ən ali mərtəbələrində yer tutublar. Və onların yardımı və Mehdiyevin göstərişləri ilə dövlətin əsasları xeyli sarsıdıldı, milli-mənəvi dəyərlər təcavüzə məruz qaldı. Bu bədnam qüvvələr ilkin olaraq xalqla prezident arasında uçurum yaratmağa çalışdılar. Bu məqsədlə hər vasitə ilə prezidenti xalqdan və mətbuatdan uzaq tutmağa çalışdılar. Vaxtilə prezidentin bölgələrə səfərləri və paytaxtdakı ziyarətləri zamanı görüşlərə məhdud sayda mətbuat nümayəndələri buraxılırdı. Nəticədə, yerli “dejurnu” çıxışçılar kimi, mətbuat da eyni cür bəsit, darıxdırıcı informasiyalar yayırdı. Əslində bu məsələdə Ramiz Mehdiyev və Əli Həsənov cütlüyünün bir sıra hədəfləri vardı.
Birincisi, xalq-rəhbər birliyini sarsıtmaq və sonra məhv etmək. Bu son nəticədə dövlətin məhvi demək idi.
İkincisi, dövlətin bazis və üstqurumunu yalanlar üzərində bərqərar etmək. “Azərbaycanda hər şey gözəldir, heç bir problem yoxdur” fikri ilə dövlətçiliyi içəridən çökdürmək məqsədi ilə yalançı təbliğat hər vasitə ilə gücləndirilirdi.