COVİD-19 əleyhinə peyvəndlərin hamilə qadınlara, südəmizdirən analara və uşaqlara vurulmasının hazırda məqsədəmüvafiq olmadığı və əks göstəriş olduğunu bildirmişdim. Bu istiqamətdə olan müraciətlərə TƏBİB-in də eyni şəkildə yanaşması və cavablandırmasına qarşı, hazırda bəzi tənqiqi fikirlər səsləndirilir. Mən aşağıdakı elmi mülahizələrdə birbaşa təsdiqini tapdığına görə, TƏBİB-in bu mövqeyini tamamilə doğru, düzgün və əsaslı hesab edirəm:
Ontogenezin istər prenatal (ana bətnində inkişaf), istərsə də postnatal (doğuşdan sonra, təbii ölüm baş verənə qədər) inkişaf mərhələlərində istənilən müdaxiləyə (o cümlədən, dərman müdaxiləsinə) münasibətdə ən həssas dönəm hamiləlik, uşaqlıq, eləcə də qadınlarda laktasiya dövrüdür. Odur ki, bu halda istifadəyə tövsiyyə olunan istənilən farmakoloji vasitənin “mütləq təhlükəsizlik və istifadə doza diapazonu” ən azı 4 müxtəlif eksperimental laborator heyvanları üzərində tədqiqatlarda təsdiqini tapmalı, sonra isə, 4 mərhələli klinik sınaqlarda təsdiqlənməlidir.
İlk növbədə peyvəndin hamiləlik zamanı istifadəsi haqqında. Farmakoloji baxımdan dərman müdaxiləsinə münasibətdə hamiləliyin 3 kritik dövrü vardır.
I kritik dövr (implantasiya dövrü; hamiləliyin ikinci həftəsi).
II kritik dövr (orqanogenez və ya plasentarlaşma dövrü; 18-21-ci gündən 56-60-cı günə qədər)
III kritik dövr (18-22 həftələr- 4,2-5,1-ci aylar; dölün yeni keyfiyyət mərhələsinə keçdiyi dövr).
Bura həmçinin dölün dərmanlara qarşı həssaslığının kəskin artması, eləcə də cift baryerinin keçiriciliyinin yüksəlməsi səbəbindən, hamiləliyin son üç ayı (trimestr), xususən, 32-35 həftələr- 7,4-8,2 aylar da aiddir. Odur ki, söylədiyim bu dövrlərdə tədqiqatı tamamilə başa çatmamış istənilən farmakoloji vasitənin təyini mütləq əks göstərişdir. Unutmaq olmaz ki, buna əməl olunmaması insanlığa bir daha “TALİDOMİD FACİƏSİ” yaşada bilər. Tarixi fakt kimi ibratamizdir ki, talidomid preparatını hamiləliyin 24-27 günlərində qəbul etmiş qadınlar, təkcə 1959-cu ildən 1961-ci ilə qədər 12000-ə qədər müxtəlif fiziki qüsurlu uşaq dünyaya qətirmişlər. Bunlardan 5000-i erkən yaş dövrlərində ölməsə də, bütün ömrləri boyu şikəst qalmışdır. Xatırladıram ki, bu preparat, dünyaya tibb elmi nümunə və örnək kimi göstərilən, hətta keçən ilin iyul ayına kimi COVİD 19-a az yoluxma səbəbindən, tibbi nümunə kimi göstərilən (mən, o vaxt bunun yanlış olması haqqında böyük bir məqalə yazmışdim) iki ölkədən (digəri Gürcüstan idi) biri olan Almaniyada alınmış və məlum təbliğata görə, 1950-ci ildən 1960-cı ilə qədər dünyanın 46 ölkəsində 37 müxtəlif adda satılmış, hətta 1961-ci ildə talidomid ən çox satılan sedativ dərman maddələri sırasında birinci olmuşdur. Bax, bu səbəbdən də, COVİD 19 əleyhinə vaksinlərin hazırda hamilə qadınlara vurulması mütləq əks göstərişdir.
İndi isə vaksinin uşaqlara vurulmasına münasibət haqqında. Uşaqlarda aşağıdakı yaş dövrləri ayırd edilir:
1.Yenidogulmuşlar (doğulandan sonra ilk 10 günə qədər)
2. Südəmər dövr (10 gündən 1 ilə qədər)
3. Erkən uşaqlıq dövrü (1 yaşdan 3 yaşa qədər)
4. Birinci uşaqlıq dövrü (4 yaşdan 7 yaşa qədər)
5. İkinci uşaqlıq dövrü, 8-12 yaş (oglanlar üçün), 8-11 (qızlar üçün)
6. Yeniyetməlik dövrü, 13-16 yaş (oglanlar üçün), 12-15 yaş (qızlar üçün)
7. Gənclik dövrü, 17-18 yaş (oglanlar üçün), 16-18 yaş (qızlar üçün)
Birinci 4 mərhələdə COVİD19-un letallıq ehtimalı sıfr faizdir. Bunun əsas səbəbləri aşağıdakılardır:
I. 10 yaşa qədər uşaqların peyvəndləmə və təkrar peyvəndləmələrdə aldığı 12 peyvəndin əksəriyyətinə yalnız spesifik təsir deyil, həm də immun fəallığın total stimulyasiyası xasdır (məs. vərəm əleyhinə BCG- Bacillus Calmette-Guerin kimi)
II. Böyüklərə xas olan əksər fizioloji, neyro-hormonal, immun və reseptor mexanizmlərin yalnız 10 yaşdan sonra kəskin inkişaf dövrünə qədəm qoyması. Məlumdur ki, COVİD19 orqanizmə yalnız kirpikli epitel hüceyrələrinə transmembran lokalizasiyalı angiotenzin-çevirici ferment reseptorları tipinə (ACE2, AT1R və ya CD147) bağlanmaq yolu ilə daxil olur. Bu reseptorlar isə tam formalaşma mərhələsinə 10-12 yaşlarda başladığından, söylədiyim yaş qruplarının COVİD19-a həssas olmaması, nəinki öz təsdiqini tapır, hətta əlavə izah belə tələb etmir. Bu səbəbdən də, vaksinin söylədiyim yaş qruplarına vurulmasının əsası yoxdur. Odur ki, hətta elmi şərh verməsə belə, TƏBİB-in bu mövqeyi tamamilə düzgündür.
10-18 yaş dövründə COVİD 19-un letallıq əmsalı 0,2%-in altındadır. Yəni hər 1000 nəfər xəstələnməyə 2-dən də az nisbətdə ölüm düşür. Bu 0,2%-də, bir qayda olaraq, irsi- genetik və ya ciddi ağır və müalicəyə dözümlülük göstərən xəstəliyi olan uşaqlardır. Başqa sözlə, bu yaş qruplarında tamamilə sağlam olan uşaq və yeniyetmələrdə letallıq faizi yalnız sıfrın üstündədir. Odur ki, hazırda 4 mərhələli klinik tədqiqatları tamamlanmamış COVİD19 əleyhinə peyvəndin bu yaş qrupundan olan uşaqlara vurulması məsləhət deyildir. Buna görə də TƏBİB tərəfindən bu yaş qrupları üzrə də səsləndirilən fikirləri dəstəkləyir və tamamilə düzgün hesab edirəm.
P.S. Mənim söylədiklərimi COVİD-19 əleyhinə peyvəndlərin gələcəkdə uşaqlara vurulmasına mütləq əks fikir kimi qəbul etmək lazım deyildir. Yalnız bu peyvəndlər üzərində bütün mərhələlər üzrə klinik sınaqlar tam başa çatdığı, bu peyvəndlərin terotogen, mütagen, embriotoksik və konserogen xüsusiyyətləri tam öyrənildiyi və təhlükəsizliyi mütləq şəkildə təsdiqləndikdən sonra, bu məqsədlə istifadə oluna bilər və istifadə olunacaqdır. Bunun üçün isə, ən yaxşı halda 5-10 il vaxt lazımdır. Mən bu söylədiklərimlə TƏBİBİ müdafiə etmək istəmirəm. Lakin hər bir tənqiqi fikirdə belə, elmə istinaq edən haqqın və ədalətin unudulmamasını bir daha xatırlatmaq istəyirəm.
Düşünürəm ki, bu yazdıqlarım da tezliklə digər, 50 məqalə kimi unudulacaqdır. Ancaq tamamilə əminəm ki, zamanında mütləq xatırlanacaq və bu infeksiya haqqında digər- qeyri-mütəxəssislərin indiyə qədər söylədikləri fikirlər, o zaman, yalnız qınanılacaqdır.
Bəlkə də bunları yazmağım düzgün deyildir. Lakin deyəcəklərimi bu günkü reallıqlar tələb edir. Mənim çox sevdiyim, elminə, idrakına və təfəkkürünə dərin hörmətim olan və şəxsi düşüncələrimə görə, elm və təbabət aləmində Azərbaycanın nefti və qazı kimi milli sərvətlərimizdən biri hesab etdiyim, kardiocərrah Kamran Musayevin telefonla mənə dediklərini heç cür unuda bilmirəm:
O, deyirdi: “məni müxtəlif TV kanallara COVİD19-la bağlı fikir bildirməyə çağırsalar da, qətiyyətlə yox deyirəm. Çünki mən bu sahənin mütəxəssisi deyiləm”. Bəli bu, əsl alim yanaşmasıdır.
Burada artıq mən sözlərimi bitmiş hesab edir.... və bir daha bəyan edirəm ki, COVİD 19, Bizim xalqımız üçün milli faciə deyil.
Musa Qəniyev
Tibb elmləri doktoru, professor