Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin Pravda.az-a müsahibəsi:
-Fevralın 2-də Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub. Sizcə, ermənilər atəşkəsə niyə əməl etmirlər?
- Azərbaycan 44 günlük müharibədə Ermənistanı məğlub etdi. Biz öz gücümüzü göstərmişik. Bilirsiniz ki, müharibə bir qədər tez yekunlaşdı. Azərbaycan Prezidenti İlham Əliyev müharibə dövründə çıxışlarında dəfələrlə qeyd etdi ki, Ermənistan işğal etdikləri rayonlardan çıxacaqları ilə bağlı vaxt açıqlasalar, müharibə dayanacaq. Elə də oldu, 2020-ci ilin noyabrın 10-da bəyanat imzalandı, işğalda olan rayonlar mərhələli şəkildə boşaldıldı. Erməni KİV nümayəndələri, vəzifəli şəxsləri, diaspor nümayəndələri məğlubiyyəti qəbul edə bilmirlər. Guya ermənilər həmişə qəhrəman olublar, qalib gəliblər, indi uduzublar. Onlar tarix boyu – 1915-ci, 1918-ci illərdə satqınlıq ediblər. Rus-fars, rus-türk müharibəsində də belə olublar. Erməni siyasətçilərdən biri etiraf edir ki, ilk dəfə idi ki, 1990-cı illərdə qələbə çalmışdıq, onu da 2020-ci ildə uduzduq. Ermənilər beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəndə, özlərini qəhrəman xalq kimi göstərirdilər. Təbii ki, biz də sözümüzü deyirdik. Paşinyan Qarabağda yallı gedirdi, deyirdi, “Qarabağ Ermənistandır”. Ermənistanın sabiq müdafiə naziri David Tonoyan qeyd edirdi ki, yeni müharibə yeni torpaqların alınması deməkdir. Bütün dünyaya car çəkirdilər ki, Ermənistan qüdrətli dövlətdir, müasir ordusu var. Amma 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz böyük şücaət göstərdi, torpaqlar işğaldan azad edildi. Artıq, Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Azərbaycan xalqı Vətən müharibəsindəki qazandığı qələbəni qeyd edir. Bu ilin yanvarın 20-də Şəhidlər xiyabanına sevinclə getdim. Dedim ki, biz Sizi ziyarətə qələbə xəbəri ilə gəlmişik, torpaqlarımız işğaldan azad edilib. Prezident İlham Əliyev də ümumilli liderin məzarını ziyarət edəndə dedi ki, ata vəsiyətini yerinə yetirdim. Ali Baş Komandan bildirmişdi ki, nəyi, nə vaxt, necə etməyi yaxşı bilir. Bu, doğrudan da, belədir. Bütün bunlara baxmayaraq, ermənilər təxribatlar törədirlər. Düşünürəm, bu davam edəcək...
- Ermənistan müharibədən sonra saxlanılan 62 nəfərin təhvil verilməsinə çalışır. Hətta bu cür də fikirlər səsləndirirlər ki, əgər həmin şəxslər qaytarılmazsa, Naxçıvana yol açılmayacaq...
- Həmin şəxslər əsir deyillər, terrorçudurlar. Bəyanat imzalandıqdan sonra müharibə başa çatıb. Əsir müharibə zamanı olur, saxlanılan 62 nəfər isə müharibədən sonra hücuma keçməyə cəhd göstəriblər. Naxçıvana yolun açılması məsələsinə gəldikdə isə, deyə bilərəm ki, biz bunu da bacarağıq, lazım gələrsə, silah gücünə edəcəyik. Qorxsunlar ki, Zəngəzuru da onlardan alaq. İndiki Ermənistan, tarixi Azərbaycan torpaqlarında yaradılıb. Zəngəzur ermənilərə son illərdə - XX əsrin əvvələrində verilib. İddiaları “Dənizdən dənizə” Ermənistan yaratmaqdır. Mən də deyirəm ki, “hamamdan hamama”. Əvvəlcə çirkablarını yusunlar, sonra ərazi iddialarına düşsünlər. Ermənistanın hansı dənizə çıxışı olub ki? Qara dənizi deyirlərsə, onlara aidiyyatı yoxdur. Xəzər dənizi də həmçinin. Bunlar hansı xəyallarla yaşayırlar. Erməni əsgəri tankını, topunu atıb qaçır. Hər kəs Azərbaycan əsgərinin qəhrəmanlığından danışır. Ermənilər başa düşmür ki, Azərbaycan insanı üçün torpaqla ana eyni dəyərə malikdir. Baxın, xaricdə yaşayan hansısa iş adamı vəsiyət edir ki, öləndə Azərbaycanda dəfn edilsin. Biz torpağa, vətənə bağlı insanlarıq. Ermənilər papualıların da yanına getsələr, oranı vətən hesab edəcəklər. Onlar vətənlərinin hara olduğunu bilmirlər, hər yerə yayılıblar. Hamı bilir ki, ermənilər Azərbaycan torpaqlarında XIX əsrin əvvəllərində yerləşdiriliblər. İddia edirlər ki, Urartu dövləti ermənilərə məxsus olub, Nuh peyğəmbər bu ərazilərə gəlib və s. Nuh peyğəmbər heç azərbaycanlı-türk olmayıb, erməni haradan oldu? Özləri yalanlarına inanırlar. Onların alimlərdən biri dedi ki, erməni xalqı olmayıb, etnik qrup olub. Politoloq Karen Şahnazaryan bildirir ki, Qarabağ heç vaxt Ermənistanın olmayıb, orada, sadəcə, yaşa bilərlər. Prezident İlham Əliyev də dedi ki, bizim Azərbaycan vətəndaşı olan ermənilərlə heç bir problemimiz yoxdur. Ermənistanın keçmiş Müdafiə nazirinin bacısı Kürdəmirdə yaşamır?! Kababdan yeyir, yatır... İndi biz nə edək, Allahdan kağız alaq ki, Qarabağ sizə aid deyil?
- Erməni silahlıları Xankəndini hələ də tərk etməyiblər...
- Biz erməni deyilik, dediyimiz sözün arxasında dayanırıq. İmzalanan bəyanatda da göstərilib ki, erməni silahlı birləşmələri Qarabağı tərk etməlidirlər. Mərhələli şəkildə hər şey həll ediləcək, Xankəndi də Azərbaycana qaytarılacaq. Biz istəmirik ki, müharibə yenidən başlasın, amma ermənilər təxribat törətməkdə davam edirlər. Hər kəs şahidi oldu ki, 44 günlük müharibədə dinc əhaliyə neçə dəfə hücum etdilər, Gəncəni, Bərdəni, Tərtəri bombaladılar, Siyəzənə raket atdılar... Bu vəhşiliklərə kim dözər? Biz erməni yalanlarını ifşa etməklə məşğuluq. Görün Ermənistanda vəziyyət hansı səviyyədədir, ağıllı insanlar ölkəni tərk edirlər, qalanlar yetim-yesirlərdir. Beynəlxalq tədbirlə əlaqədar 2018-ci ildə Yerevana getmişdik. Mən 1980-ci illərinə əvvəllərində də orada olmuşam. Əvvəldən necə idisə, elə də qalıb, heç bir inkişaf yoxdur. Hətta vəziyyət daha da pisləşib. Yaşayış şəraitləri, geyimləri bizdən xeyli geridir. Ermənilər deyir ki, biz Bakıdan qovulandan sonra ora xeyli inkişaf edib. Azərbaycanda sabitlikdir, Qarabağı dirçəltmək qarşıya məqsəd qoyulub. Əminəm ki, Qarabağ cənnətə çevriləcək, turizm zonası olacaq.
- Qarabağda baş verənlərlə bağlı sülhməramlılar niyə tədbir görmür?
- Sülhməramlılar tədbir görməlidir, bu, birmənalıdır. Haqlı iradları mən də bölüşürəm.
- Hətta bir neçə gün öncə, Azərbaycana məxsus yük maşınlarını Kəlbəcərə buraxmırdılar...
- Bu, çox böyük narazılıq yaratdı. O ərazilər bizimdir, bizi oraya necə buraxmaya bilərsiniz? Top, tüfəng, raket aparmırıq ki... Açığı bunun səbəbini mən də bilmirəm. Düşünürəm, erməni təxribatıdır. Ruslara çaxırdan, araqdan verirlər, təsir altına salırlar. Azərbaycanı vətəndaşı olan erməniləri biz də qoruya bilərik. Bəzi müxalif qüvvələr iddia edirdilər ki, Türkiyə silahlı qüvvələri Qarabağa gəlməyəcək. Amma gəldi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kişi kimi dediyini etdi. Artıq Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Ermənistanın adı heç “it dəftəri”ndə də yoxdur, bundan sonra da olmayacaq. Hazırda əsas məsələ ərazilərin minalardan təmizlənməsidir. Müharibə başa çatdıqdan sonra itkilərimiz olub. Hər kəs ehtiyatlı olmalıdır, tövsiyələrə əməl etməlidirlər.