“Azərbaycana qayıda da bilərəm, qayıtmaya da”
Azərbaycanın sabiq spikeri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevin Pravda.az-a müsahibəsi:
- 44 günlük Vətən müharibəsi başa çatıb. Müharibədən sonrakı mərhələni necə qiymətləndirirsiniz?
- Bu 44 gün Azərbaycan tarixinə qızıl həriflərlə yazılacaq. Vətən müharibəsi tarixdə zaman keçdikcə əsl obyektiv qiymətini alacaq. Müharibədən artıq 3 ay keçir. Bu 3 ay ərzində bir çox mühüm hadisələr baş verib. Azərbaycan ordusunun Şuşada güclü şəkildə məskunlaşması, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya səfəri - bu, çox riskli səfər idi - "Qarabağ Azərbaycandır!" şüarının ən güclü təsdiqidir. Füzulidən Şuşaya beynəlxalq standartlara uyğun maqistral yolun çəkilməsi, beynəlxalq aeroportun inşasına başlanılması və sair işlərin görülməsi çox əlamətdar hadisələrdir. Bu qələbəni təkcə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi kimi qəbul etmək doğru olmaz. Bu, Azərbaycanın müstəqilliyini təsdiq etməsi deməkdir.
- Hazırda bəzi siyasətçilər bildirirlər ki ki, müharibə sona qədər aparmalı, Xankəndi də qaytarılmalı idi. Sizcə, bu mümkün idimi?
- Əlbəttə, müharibə Xankəndində bitsə idi, bizim üçün daha önəmli olardı. Ancaq Azərbaycanla Ermənistanın apardığı müharibəyə izolyasiyada baxmaq olmaz. Rusiya Federasiyasının özünə məxsus anormal siyasəti var və imperiya təfəkkürlü Vladimir Putin Ermənistanın təslim müqaviləsinə kənarda izləyici kimi dayanmaq fikrində deyildi. Putin Paşinyana nifrət edir, çünki Paşinyan onun tələblərinin heç birini yerinə yetirmir. Putinin "Köçəryanı həbs etmə!" tələbinə Paşinyan məhəl qoymadı. "Qərblə Rusiyanın əleyhinə oynamağa cəsarət etmə!" tələbinə Paşinyan əməl etmədi. Ona görə də Ermənistanın müharibədə məğlub duruma düşməsindən istifadə edərək Paşinyanı siyasi hakimiyyətdən kənarlaşdırmaq istəyirdi. Buna paralel olaraq "sülhməramlı" qüvvələrini yuxarı Qarabağa yeritməklə Azərbaycanı həmişə özündən asılı vəziyyətdə saxlamaqda onun planına daxil idi. Yadınızdadırsa, Putinin "sülhməramlı" qüvvələri əvvəlcədən hazırlanmışdı. Müqaviləyə imza atıldıqdan bir neçə saat sonra Rusiya Federasiyasının silahlı qüvvələri Yerevana və növbəti gün Xankəndiyə göndərildi. Rusiya Paşinyanın təslimçilik müqaviləsinə imza atması ilə axırına çatacağına 100 faiz əmin idi. O artıq Köçəryanı hökümətin başında görürdü. Ancaq birinci gün təşkil olunan anti-Paşinyan mitinqi ermənilərin onu yıxmaq istəmədiyini göstərdi. Ancaq Putin bu fikirindən dönməyib. Avropa İttifaqının xarici siyasət rəhbəri bu günlərdə Moskvada Lavrovla görüşdü. Sonra Lavrovun bəyanatı həyasızlığın ifrat formasıdır. O, "Rusiya Federasiyasının qonşu ölkələri Rusiyanın maraqları çərçivəsindədir və siz bu işə qarışmamalısınız" kimi bəyanatın müəllifi oldu. Təsəvvür edirsiniz, Putin 3 baltikyanı ölkədən başqa digər qonşu ölkələrin hamısının "onların dedikləri ilə oturub-durmalıdır" açıqlamasını Lavrovun dili ilə rəsmi olaraq bəyan etdi. Müharibəni aparan Prezident Əliyevin qərar qəbul etməsi çox mürəkkəb idi. Müqavilə bağlanmamışdan öncə, Rusiya Federasiyasının hərbi vertalyotunu Naxçıvanla sərhəddə vurulmasını təşkil etməklə, Rusiya "artıq istədiyim vaxt müharibəyə qarışa bilərəm" mesajını Azərbaycana göndərmiş oldu. Prezident İlham Əliyev çox ağır, məsuliyyətli və tarixi qərar qəbul etməli idi. Azərbaycanın faktiki azad edilməmiş 3 böyük rayonu qalmışdı. Ən güclü müdafiə istehkamları, ən çox minalanmış, ən güclü silahlı qüvvələri yerləşdirilmiş Ağdam, ən böyük əraziyə malik və ermənilərin məskunlaşdırıldığı Kəlbəcər və Laçın rayonları. Bu rayonların azad edilməsi minlərlə əsgərimizi itirməklə mümkün ola bilərdi. Rusiyanın parallel özünü necə aparacağı da məlum deyildi. Ona görə Prezident müqavilənin bağlanması variantını seçdi. Fikrimcə, bu, düzgün və zamanında hesablanmış addım idi. Əllərindən heç bir iş gəlməyən, sadə analiz etmə bacarığı olmayan, kənardan yekə-yekə danışanlara məyus olmaqdan başqa bir fikir söyləyə bilmərəm.
- Rusiya sülhməramlı kontingenti Qarabağdadır, onların bəzi hallarda hərəkətləri xalqda narazılıq yaradır. Belə olan halda, Azərbaycan hansı addımları atmalıdır?
- Ümumiyyətlə, "sülhməramlı" qüvvələrin Qarabağda olmasının əleyhinəyəm. Bu qüvvələr özlərini o regionun (balaca olsa da) sahibi kimi aparırlar. Müxtəlif yollarla ora ermənilərin gəlməsini təşkil edirlər. Ermənilərə Ermənistanda olan şəraitdən yaxşı şərait yaradırlar. Azərbaycan bir sıra problemləri qətiyyətlə həll etməklə Rusiyanı yerinə oturda bilər. Birincisi, Ermənistanla sərhəd Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətində olmalıdır. Əgər Rusiya hərbçiləri kimlərin gəldiyinə nəzarət etmək istəyirsə, bu işi Türkiyə monitoriq qrupu ilə birgə etməlidir. Azərbaycan dünyanın başqa ölkələrindən, həmçinin Ermənistan və Rusiya erməni vətəndaşlarının Qarabağa gəlməsinə imkan verməməlidir. 1829-cu ildə bir dəfə Rusiya imperiyası zorla bu regionlarda az saylı erməni yerləşdirib. Hansı ki, bu günə qədər də yaxamızı onlardan qurtara bilmirik. Azərbaycan yuxarı Qarabağda azərbaycanlıların yaşadığı kəndlər və qəsəbələrə vətəndaşlarını köçürməyə başlamalıdır.
- ABŞ-da Azərbaycanla bağlı hansı işləri görə bildiniz? Məlumdur ki, bir sıra beynəlxalq təşkilatlara və dünya liderlərinə müraciətlər ünvanlamısınız...
- Tək ABŞ-da yox, Avropanın bir çox ölkələri ilə Qarabağda nə baş verdiyini müzakirə etməyə çalışıram, amma qərbin bizimlə ermənilərin problemlərinə çoxda böyük diqqət yetirəcəyinə inanmıram. Buna baxmayaraq, bu işləri məntiqi sona çatdırana qədər davam etdirəcəyəm.