Bu gün Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsindən bir il ötür. Ötən dövr ərzində parlamentdə təmsil olunan deputatların bəziləri bir neçə açıqlamasıyla ölkədə gündəm yarada bilib. Hətta onlardan ikisinə parlamentin İntizam Komissiyası tərəfindən töhmət də verilib.
Bir il ərzində fikirləriylə sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olan deputatları araşdırıb və onların açıqlamalarını təqdim edirik.
YAP-çı deputat Siyavuş Novruzov: O, ötən ilin yayında pandemiya vaxtı toyların qadağan edildiyi dövrdə sabiq PA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy məclisinə getməsiylə yadda qaldı. Deputat “toya getmişəm, əcəb eləmişəm” açıqlamasıyla gündəmə gəldi. Bu açıqlamasından sonra o, YAP-da tutduğu vəzifədən azad edildi, üstəgəl partiya tərəfindən töhmət də aldı.
Bu günlərdə isə Novruzov suyun vedrəylə ölçülməsi açıqlamalasıyla da müzakirə mövzusuna çevrilmişdi.
Bəhruz Məhərrəmov: O, Vətən müharibəsi ərəfəsində İran və İranın Ali rəhbəri haqqında söylədiyi tənqidi fikirlərə görə gündəmə gəldi. Həmin açıqlamasına görə Milli Məclisin İntizam Komissiyası tərəfindən ona töhmət verildi.
Könül Nurullayeva: Türkiyə kanallarının birində onlayn çıxış edən deputat ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparmışdı. Ermənistandan təzminat istənilməsi barədə suala cavab verən Nurullayeva bildirmişdi ki, bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil.
Sözügedən açıqlamadan sonra deputata MM-nin İntizam Komissiyası tərəfindən töhmət verilmişdi.
Pərvin Kərimzadə: Xanım deputat müsahibəsində koronavirus pandemiyasının Azərbaycanın həyata keçirdiyi tədbirlər qarşısında əlacsız qaldığını vurğulamışdı.