Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-in mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, Baş İdarəyə Abşeron rayonunun Saray qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı həmin şəxs, qəsəbə sakini Şahin Həsənov saxlanılıb. Onun üzərinə baxış zamanı 4 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Həsənovun yaşadığı evdən əlavə olaraq 30 qram heroin, 20 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları tanışı Xəyyam adlı şəxsdən aldığını bildirib.