Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, Mənzil Kommunal Təsərrüfat Birliyinin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədov və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Pravda.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Əli Məmmədovun icraatındadır.
Hazırlıq iclası fevralın 22-də keçiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıblar. Həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon icra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3 000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.