Azərbaycanın öz işğal edilmiş ərazilərini hərbi yolla azad elədiyi, döyüşən ordumuzun torpaqlarımızı Ermənistan əsgərlərindən təmizlədiyi günlərdə erməni diasporu var gücüilə, bütün təsir imkanlarını işə salaraq xarici dövlətlərin müharibəyə hərbi müdaxilə etməsinə nail olmağa çalışırdı. Azərbaycan hakimiyyətinin uğurlu diplomatiyası hansısa üçüncü dövlətin münaqişəyə müdaxilə etməsinə imkan vermədi. Beləliklə, xalqın birliyi, müzəffər ordunun peşəkar döyüş taktikası və ölkə rəhbərinin qabaqlayıcı xarici siyasəti hesabına Şanlı Qələbə əldə olundu. Bu 44 günlük hərbi əməliyat zamanı uğurlarımızla yanaşı, ciddi boşluqlar da müşahidə olundu.
Belə boşluqlardan birini dünyada və regionda nüfuzu olan Rusiya KİV-lərində erməni mövqeyinin bizim mövqeyimizlə müqayisədə daha çox və sürəkli, həm ermənilərin özləri, həm də onların muzdlu “dostlar”ı tərəfindən səsləndirilməsində gördük. Düzdür, Rusiya mətbuatında ağalıq edən ermənipərəst qüvvələrin Kremlin Cənubi Qafqaz və ümumiyyətlə Yaxın Şərq siyasətinə yönvermək cəhdləri bu dəfə alınmadı. Lakin üçmilyonluq erməni diasporu hələ ki, rus mətbuatı, deməli rus ictimai rəyi ilə daha sıx işləməklə 150 milyonluq rus xalqını regionda baş verənlərə erməni prizmasından baxmağa vadar edir. Faktiki olaraq çoxmillətli rus cəmiyyətində çoxları Qarabağ həqiqətlərindən xəbərsizdir, erməni diasporunun çoxillik yalan və uydurmalarının təsiri altındadır. Görəsən, Azərbaycan Rusiyada fəaliyyət göstərən ermənipərəst təbliğat maşınınıda yandırmaq, Rusiya içtimaiyyətinə öz həqiqətlərini çatırmaq üçün nə tədbirlər görməlidir?
İllərlə Azərbaycanın haqlı mövqeyini Rusiya içtimaiyyətinə anlatmağa çalışan jurnalist-politoloq, filologiya elmləri namizədi Anar Həsənovdan müsahibəni təqdim edirik:
– Anar müəllim, iyirmi ildir ki, Rusiyada yaşayır, mətbu və ictimai-siyasi fəaliyyət göstərirsiz. Rusiya ictimaiyyətinin azərbaycanlılara münasibəti necədir?
Azərbaycanlılar Cənubi Qafqaz və Orta Asiya dövlətlərindən Rusiyaya miqrasiya etmiş digər xalqlar kimi Rusiyada immiqrant diasporu hesab olunur. Yəni, diasporun formalaşmasında vacib amillərdən biri saydır ki, sayımız Rusiyada SSRİ-nin süqutundan sonra 7-10 dəfə artıb. Fərqli mədəniyyətin daşıyıcıları olan miqrantlara Rusiyada münasibət isə birmənalı deyil. Ötən illər ərzində Ümumrusiya ictimai fikrin öyrənilməsi mərkəzinin apardığı sorğuların nəticələrinə görə azərbaycanlı miqrantlar antipatiya reytinqində çeçen və qaraçılarla birgə liderliyi bölüşüb. Erməni və gürcülər bizdən sonrakı pillədə yer alıblar. Qafqazofobiyanın əsas səbəbi 90 cı illərin çeçen kampaniyaları və Qafqazdan Rusiyaya fərqli mədəniyyətli miqrantların kütləvi axınıdır.
Rusiya – Ukrayna arasındakı münaqişə ilə əlaqədar Rusiya rəhbərliyinin ölkə daxilində antimiqrant hərəkat və cərəyəanlara qarşı qətiyyətli tədbirləri bizə və digər miqrant cəmiyyətlərində müsbət dəyişikliyə səbəb oldu. Belə ki, Ukrayna küçələrində “millətçi marşlar” mövzusunu tənqid edən Kreml öz ərazisində analoji halların qarşısını aldı ki, güzgülü ittihamları eşitməsin. Şəxsi müşahidələrim onu deməyə əsas verir ki, Rusiyada “milli-irqi-dini dözümsüzlük” mövzusu indi arxa plana keçib. Başqa sözlə, anti-immiqrant əhval ruhiyyəsi statikdir, latent xarakterlidir, etirazlar və diskriminasiya halları kütləvi deyil.
-Bu son 44 günlük müharibə zamanı aparılan müşahidələr ictimai fəallıq göstərən azərbaycanlıların Rusiyada sayca xeyli az olması təəssüratını yaratdı. Həqiqətənmi azdırlar, yoxsa onların fəaliyyət meydanı dar, imkanları məhduddur? Bu yolda hansısa süni maneələr, çətinliklər mövcuddur?
Azərbaycanlıların sayı Rusiyada əhalinin 2010-cu siyahıya alınmasına görə 620 min nəfər göstərilib ki, rəqəm gerçək mənzərəni təhrif edir. Azərbaycan diasporunun sayının Rusiyada 2 milyonu keçdiyi məndə şübhə doğurmur. Rəqəmlər arasındakı fərq həm də fərdin özünü hansı millətə aid etməsindən irəli gəlir, başqa sözlə sizin azərbaycanlı saydığınız şəxs bəlkə də rus, udin, dağ yəhudisi, talış, ləzgi, kürd, avar etnonimi ilə özünü siyahıda qeyd etdirib.
Fəaliyyət meydanına gəldikdə isə bu sayla yox, diaspor institutlarının keyfiyyətsizliyi ilə bağlıdır. 44 gün davam edən hərbi əməliyyat zamanı bütün KİV-lərdə Ermənistan-Azərbaycan mövzusu gündəm idi və bu mövzuda danışmaq üçün Birinci Kanal kimi nüfuzlu KİV məni təmənnasız verilişə dəvət edirdi. Hərçənd əksər hallarda mən 4-5 opponentlə mübarizə aparsam da, amma bizim mövqenin də səslənməsinə Rusiya mediasında yasaq qoyulmamışdı. Elə isə problemin səbəbi, deməli ki, monolit, əlaqələndirici, Rusiya KİV-ləri ilə münasibət quran diaspor institutunun yoxluğudur. “Sayımızın az olması” təəsüratının yaradan başlıca amil də budur. Diasporda keyfiyyətli təşkilatın yoxluğunun başlıca səbəbkarları kimi kadr amilini ön plana çəkərdim. Söhbət səlahiyyətli qurumların diaspor fəalı kimi cəmiyyətə və daha yüksək instansiyalara sıradıqları, əslində kölə psixologiyalı və paternalist düşüncəli həmvətənlilərlə bərabər, konkret Polad Bülbüloğlu, Əli Həsənov, Nazim İbrahimovdan gedir. Yetər ki, bu illər ərzində diaspordaki fəaliyyətinə görə təltif edilənlərin siyahısına baxasınız...Çoxmillətli cəmiyyətlərdə inteqrasiya problemləri və onların həlli resursları mövzusunda elmi işlərin müəllifi kimi deyə bilərəm ki, Respublikaya bu illər ərzində maraq müdafiəçiləri kimi təqdim edilən kəslərin əksəriyyəti səlahiyyətlilərin dostları, onların xidməti ezamiyyətlərinin xərclərini ödəyən, fərqli düşünən həmvətənlilər haqda dosye toplayıb, məlumat ötürən kəslərdir. Əfsuslar olsun ki, bu tendensiya hələ də davam edir.
-Azərbaycanlıların Rusiyada ümumiyyətlə ictimai-siyasi və media təsissatları varmı? Sanki bu suala müsbət cavab vermək çətindir, çünki ictimai rəy uğrunda mübarizə müstəvisində varlıqları hiss olunmadı.
NTV-nin baş prodyüsseri Timur Vaynşteyn, Kommersant qəzetinin baş redaktor müavini Azər Mürsəliyev, Rusiya kanalının aparıcı- jurnalisti Nailə Əsgərzadə və onlarla federal və regional KİV-də çalışan həmvətənlimiz var… Bu adamların Ermənistan-Azərbaycan müharibəsinin obyektiv işıqlandırılmasında Marqarita Simonyan, Aram Qabrielyan, Roman Babayan qədər imkanları var..Amma onlar bu imkanlardan istifadə etdilərmi?? Qoy, gəlsinlər – bu suala cavab versinlər. Necə olur ki, Aram Qabrielyan federal tipli “İzvestiya” qəzetinin rəhbəri kimi separatizmi dəstəkləyə bilir, İlham Əliyevi aşkar təhqir edir, hətta Rusiyada millətlərarası gərginlik yarada biləcək çıxışları ilə fərqləndi, amma sadaladığım kəslər nə ilə yadda qaldı…?!!
İkinci məsələ isə “diaspor jurnalistikasıdır”, yəni diasporun institut olaraq təsis etdiyi KİV-lərdən gedir. Məsələn, ermənilərin “Noev Kovçeq” kimi məşhur qəzetləri var və bu qəzet aviareyslərdə paylanılır. Azərbaycan diasporunun müqayisə ediləcək dərgisi yoxdur. Keyfiyyətli “Bakı” jurnalı isə ona görə uğurludur ki, onun baş redaktoru Leyla Əliyevadır.
Onlayn jurnalistikaya gəldikdə isə deməliyəm ki, gündəlik minlərlə seyrçi sayı olan bir-iki platform var ki, o da sırf diasporun, qismən Rusiyanın müsəlman kəsiminin marağ dairəsini əhatə edir. Məsələn, media fəal Sadat Quliyevin “Qız Qalası” teleqram kanalı populyardır və digər media fəal İslam Hüseynovun youtube kanalı qismən də olsa ictimai fikrin formalaşmasında rol oynayır. İşsiz, psixi xəstə və özünü təsdiq axtarışında olan yaramazlar da öz aləmlərində diaspor problemlərini işıqlandırır, amma onların youtube da yaratdıqları “onlayn çayxana tv” ləri ümumiyyətlə mən “klinik hadisə” hesab edirəm və belələri haqda danışmaq istəmirəm.