Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"Dövlətimizin razılığı olmadan həmin ərazilərdə hansısa bir fəaliyyət növünün seçilməsi mümkün deyil"

1 247
Paylaş:
"Dövlətimizin razılığı olmadan həmin ərazilərdə hansısa bir fəaliyyət növünün seçilməsi mümkün deyil"

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Cavid Osmanovun müsahibəsini təqdim edirik:

- Cavid müəllim, sülhməramlılar Azərbaycan ərazisinə daxil olmaq istəyən əcnəbiləri geri qaytarıb. Amma Fransa israrla erməni baş nazirdən izahat istəyir. Sizcə, bu amilin kökündə hansısa siyasi məqsədlər olması ehtimalı nə dərəcədə böyükdür?

- Laçın dəhlizi ilə Xankəndində getmək istəyən bir qrup fransalının geri qaytarılması müzakirələrə səbəb oldu. Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkə ərazisinə daxil olan şəxslərin akreditasiyadan keçməsi başlıca şərtdir. Ona görə də, sülhməramlılar tərəfindən fransız təmsilçilər geri qaytarılıb. Bu çox vacib bir məsələdir. 10 noyabr və 11 yanvar razılaşmalarında bu məsələlər öz əksini tapıb. Sülhməramlılar tərəflər arasında münasibətlərin təmzimlənməsinə nəzarət edir. Onların xarici qonaqların ora gəlib-getməsinə razılıq və yaxud imtina etmək kimi sələhiyyəti yoxdur. Azərbaycan ərazisinə daxil olan istənilən əcnəbi ilk növbədə ölkə qanunlarına uyğun hərəkət etməlidir. Laçın koridorunda sülhməramlılar təhlükəsizlik məsələlərinə baxır. Fransalı jurnalistlərə və digər təmsilçilərə Azərbaycandan icazə alın cavabının verilməsi də prosesin məntiqli izahıdır. Çünki bu ərazilər beynəlxalq qanunvericilikdə Azərbaycanın statusundadır. Heç bir xarici ölkə vətəndaşının dövlətimizin razılığı olmadan həmin ərazilərə gəlib hansısa bir fəaliyyət növü seçməsi mümkün deyil. Burada hansısa bir ölkə özünün müəyyən maraqları konteksində çıxış edərək, sanki proseslərdə onun da mövqeyi varmış kimi davranışlar sərgiləməsinə imkan verilməyəcək.

- 11 yanvar Moskva görüşündən sonra regionda yeni bir əməkdaşlıqla bağlı real situasiya formalaşıb. Proseslərin ardıcıllığı bölgədə əməkdaşlığın inkişafına necə təsir edəcək?

- 11 yanvar razılaşması 10 noyabr bəyanatının davamı kimi qiymətləndirilir. Bundan sonra da qəbul edilən qərarlar məhz bu prinsiplərə əsaslanır. Əldə edilmiş razılaşmalarla bölgədə yeni bir mənzərə yaranacaq. Artıq baş nazirlərin müavinləri səviyyəsində görüş keçirilib. Kommunikasiyaların və digər infrastrukturun yaradılması ilə bağlı razılıq əldə edilib. Avtomobil və dəmir yolu xətlərinin bərpası gündəmdədir. Eyni zamanda Azərbaycan tərəfindən Füzulidə beynəlxalq əhəmiyyətli aeroport tikilir. Bu da bölgədə yeni nəqliyyat axınını və canlanmanı təmin edəcək başlıca faktordur. Rusiya ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin inkişafı üçün də yeni imkanlar yaranır. Bölgə dövlətlərinin əldə olunmuş razılıq əsasında prosesdə yer alması mümkündür. Artıq Türkiyə, Rusiya, Azərbaycan, İran, Türkmənistanla qarşılıqlı əlaqələrin formalaşması üçün ilkin razılığın əlamətləri üzrə prinsipial addımlar atılıb. Bu yaxınlarda Türkmənistanla “Dostluq” yatağı üzrə əldə olunan razılaşma, İran səfirinin Azərbaycan Prezidenti ilə görüşdə dövləti adından vermiş olduğu mesajlar bölgədə yeni bir əməkdaşlıq platformasının yaranması deməkdir. Regionda sülhə və əməkdaşlığa mane olan Dağlıq Qarabağ problemi artıq həll edilib. Azərbaycan öz siyasi iradəsi və hərbi gücü ilə beynəlxalq səviyyədə tanınan və qəbul edilən ərazi bütövlüyünü təmin edib. BMT qətnamələrini, təşkilatın Nizamnaməsinə uyğun formada təkbaşına icra edib. Bu baxımdan bölgədə sülhə və əməkdaşlığa təhlükə olacaq heç bir amil qalmayıb. Bundan sonra yaranacaq bütün qarşılıqlı əlaqələr məhz region dövlətlərinin və xalqlarının inkişafına xidmət edəcək. Sözsüz ki, 44 günlük müharibənin yaratmış olduğu reallığı hər kəs dərk edir. Ermənistan tərəfi də konstruktiv yol tutaraq, əməkdaşlıqda maraqlı olsa onun da prosesdə iştirakı mümkündür. Hər bir halda bütün regional layihələrdən kənarda qalmış Ermənistan üçün indiki iqtisadi tənəzzül dövründə bu cür əmədkaşlıq digər ölkələrə nisbətən daha vacibdir. Ona görə də, əldə olunan razılaşmalara hər kəs sona qədər sadiq və səmimi olsa, bundan region xalqları fayda görəcək.

- Ermənistanda revanşist hislərlə yaşayan qüvvələr olsa da, Paşinyanın bir qədər düşündürücü görünməsi diqqəti çəkir. Sizcə, münaqişənin həllindən sonra regiona xüsusəndə, Qarabağa qanunsuz səfərlər daha çox kimlər üçün faydalıdır?

- 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə də bu bölgədə hansı dövlətlərin maraqlarının olduğunu açıq şəkildə gördük. Qərb dövlətləri hər zaman bölgədə bir çox mərhələlərdə proseslərin fərqli mənzərədə inkişafında maraqlı olub. Xüsusəndə Fransa proseslərdə iştirakda maraqlı görünürü. Amma problemin həllindən sonra belə bir yanaşmaların olması başa düşülən deyil. Bu sadəcə siyasi bir manevr kimi də dəyərləndirilə bilər. Sözsüz ki, bu cür addımların olacağı da gözlənilən idi. Fransa kimi bir sıra dövlətlər erməni lobbisinin siyasi təsirindən çıxa bilmir. Müharibə dövründə də Azərbaycana qarşı təxribat xarakterli addımların atılması ilə bağlı təşəbbüslər olub. Amma sözsüz ki, Azərbaycanın seçmiş olduğu düzgün strategiya və dostlarının qətiyyəti ilə bu təxribatların qarşısı alınıb. Münaqişə həll edilib və Azərbaycanın süveren hüququ təmin olunub. Hazırda proses siyasi müstəvidə davam edir. Azərbaycanın döyüş meydanında qazanmış olduğu tarixi Qələbənin siyasi uğurları da reallığa çevrilir. Sözsüz ki, 30 ilə yaxın özləri haqqında miflər uydurmuş bir cəmiyyətin 44 gündə bütün cəbhələrdə darmadağın olması onlar üçün əlavə psixoloji problemlər yaradıb. Ona görə də, ara-sıra revanşizmlə bağlı fikirlərlə çıxış edirlər. Amma bütün bunlar mənasızdır. Dəmir Yumruq əməliyyatından sonra qarşı tərəfin aldığı zərbə hələ on illiklər sonra da öz təsirini saxlayacaq. Kimlərsə, bu prosesdə maraqlı olmaq istəyirsə, əməkdaşlıq müstəvisində münasibətlərin yaranması təşəbbüsü ilə çıxış etsə daha yaxşı olardı. Başqa məqsədlərlə burada hansı bir hədəf seçmək uğursuzluğa düçar olacaq.

- Bu günlərdə Böyük Britaniyanın dövlət naziri Azərbaycanda səfərdə olub. İki ölkə arasındakı münasibətlərin xarakterini necə izah etmək olar?

- Azərbaycan müstəqillik qazandıqdan sonra Böyük Britaniya ilə əlaqələr qurulmağa başlayıb. İngiltərə hər zaman Azərbaycanla bağlı məsələlərdə birmənalı münasibət sərgiləyib. Bu ölkənin Cənubi Qafqaza xüsusəndə Azərbaycanla böyük əməkdaşlıq maraqları var. İngiltərəni təmsil edən BP şirkəti Azərbaycanda böyük layihələrdə aparıcı yer alıb. Uzun müddətdir ölkəmizdə ən böyük sərmayədardır. Bundan sonra da ölkələr arasında münasibətlər inkişaf edib. Bu əlaqələr tək enerji layihələrdə deyil digər sahələrdə də əməkdaşlıq imkanları mövcuddur. Böyük Britaniya Azərbaycanın maraqlarına hər zaman hörmətlə yanaşıb. Müharibənin gedişində BMT-də Azərbaycanla bağlı uğursuz qətnaməyə Böyük Britaniya və digər dost dövlətlər etiraz edib. Ona görə də, bu sənəd qəbul olunmayıb. Bu fakt özlüyündə Böyük Britaniyanın Azərbaycanla bağlı məsələlərə necə həssaslıqla yanaşdığını göstərir. Sözsüz ki, əlaqələr bundan sonra da davam edəcək. İngitərənin dövlət nazirinin ölkəmizə səfəri cənab Prezident, parlament rəhbəri ilə görüşləri mühüm müzakirələrlə yadda qalıb. Böyük Britaniya eyni zamanda Qarabağda aparılacaq yenidən qurma və bərpa işlərində də aktiv rol alacaq. Bu ölkənin təmsil edən ayrı-ayrı şirkətlərin prosesdə işrirakı mümkün olacaq. Bundan sonra yeni imkanlar və əlaqələrin daha da irəliyə aparılması üçün geniş imkanlar yaranacaq.

Teleqraf.com

Paylaş:

Ən son xəbərlər