Onkoloji xəstələrin müalicə aldığı xüsusi dövrdə peyvənd olunmaları tövsiyə olunmur. O cümlədən immun sistemini aşağı salan xüsusi dərmanlar qəbul edən immunsupressiv xəstələrə, orqan transplantasiyası əməliyyatı keçirən və immun sistemi aşağı olan insanlara vaksinin necə təsir edəcəyi barədə yetəri qədər araşdırmalar yoxdur. Odur ki, bu risk qrupunun da vaksinasiyaya cəlb olunması nəzərdə tutulmayıb. Lakin 65 yaşdan yuxarı insanlar hansı xəstəliyin kəskin dönəmində deyilsə, hər biri peyvənd oluna bilər. Bu yaş qrupunun peyvənd olunması xüsusilə vacibdir.
Pravda.az xəbər verir ki, bu sözləri TƏBİB-in İşçi Qrupunun üzvü, infeksionist Vüsalə Yaşar deyib. Həkim bildirib ki, kəskin xəstəlikləri olan insanlar müalicədən sonra vaksinasiyaya cəlb olunmalıdır:
"Xroniki xəstəliyi olan insanlar arasında peyvənd qorxusu olsa da, vaksinlə bağlı araşdırma aparan və bu barədə ətraflı məlumat əldə edən insanların böyük qrupu vaksinasiyada könüllü şəkildə iştirak edir. Ümumiyyətlə, peyvənd qorxusu yeni hal deyil. İllərlə valideynlər övladlarını vaksinasiyadan yayındırmağa çalışırdı. Unutmaq lazım deyil ki, vaksinlər bizi ölümcül xəstəliklərdən və ya xəstəliklərin ağırlaşmasından qoruyur. Əslində, vaksin dünyanın əsas elmi nailiyyətlərindən biridir. Çiçək xəstəliyinin kökü məhz vaksinasiya sayəsində kəsilib. Odur ki, bəzi xəstəliklərə qalib gəlməyin yolu vaksindən keçir. Əlimizdə olan vaksin isə inaktiv vaksindir, bədənimizə hər hansı virus deyil, qarşılaşa biləcəyimiz virusun zəiflədilmiş modelini yeridirlər. İmmunitet bu modelə qarşı müdafiə mexanizmi hazırlaya bildiyi üçün virusa yoluxanda bədən müqaviməti hazır vəziyyətdə olur.