Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Prezident İlham Əliyev Laçında "Güləbird" Su Elektrik Stansiyasının açılışında iştirak edib. Ali Baş Komandan səfər zamanı çıxışında mühüm məsələlərə toxunub. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Prezidentin növbəti Qarabağ səfəri ilə bağlı fikirlərini bölüşüblər
Milli Məclisin deputatı Cavid Osmanov Pravda.az-a açıqlamasında deyib ki, səfər çərçivəsində Prezident İlham Əliyev yeni infrastruktur layihələrin həyata keçirilməsi, təməlqoyma və digər məsələlərlə bağlı çox vacib məqamlara toxunub: “Birincisi, səfər çərçivəsində növbəti dəfə şahidi olduq ki, doğrudan da, erməni faşistləri, vandalları Azərbaycan torpaqlarını işğal altında saxladıqları müddətdə tamamilə darmadağın ediblər, demək olar ki, bütün evlərin, sosial obyektlərin hər biri dağıdılıb. Səfər zamanı dünya da bir daha gördü ki, erməni vandalizmi bu müddət ərzində hansı işlərə “əl qoyub”. Bununla yanaşı, Cənab Prezident tərəfindən bir sıra vacib məsələlərə, xüsusilə Qarabağın yenidən qurulması və bərpası məsələsinə toxunuldu, dəmiryolu xəttinin təməlqoyması mərasimində iştirak etdi. Sözügedən layihə barədə vacib məqamlardan biri odur ki, bu dəmiryolu xətti üzərindən qardaş Türkiyə ilə də birləşməni bir daha həyata keçiririk. Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti var. Bundan əlavə olaraq, bu dəmiryolu xətti Azərbaycanın əsas ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də birləşməni təmin edəcək. Beləliklə, layihə həm yükdaşıma, həm də sərnişindaşıma istiqamətində ciddi əhəmiyyət kəsb edir. Prezident qeyd etdi ki, gələcəkdə İran, Rusiya və əgər Ermənistan da normal siyasət yürüdə bilsə, bu dəmiryolu xətti üzərindən işləyə biləcəklər”.
Deputat vurğulayıb ki, digər vacib məqamlardan biri də, işğaldan azad edilən torpaqlarda işıqlandırma prosesidir: “Cənab Prezident Qarabağ torpaqlarını “yaşıl enerji” zonası adlandırır. Bu baxımdan həmin ərazilərdə günəş, külək və su elektrik stansiyalarının qurulması olduqca vacibdir. Digər tərəfdən, səfər çərçivəsində “ağıllı kənd” layihəsinə də start verildiyinin şahidi olduq. İlham Əliyev bir sıra ərazilərdə həm “ağıllı şəhər”, həm də “ağıllı kənd” layihələrinin həyata keçirilməsi tapşırığını vermişdi. Burada, həmçinin, təhlükəsizlik məsələləri, ərazilərin minalardan təmizlənməsi, dəyən ziyanın hesablanması və Ermənistan tərəfindən dəymiş ziyanın ödənilməsi məsələsinə baxılması vacib məqamlardır. Prezident səfər çərçivəsində həm daxili, həm də xarici investorlara da çağırış etdi və bildirdi ki, onlar da öz gələcək perspektivlərini təqdim etməklə razılaşdırılmış şəkildə investisiyalarını yatıra bilərlər”.
Milli Məclisin üzvü, həmçinin, Prezidentin AXCP-Müsavat cütlüyü barədə çıxışına da münasibət bildirib. C.Osmanov qeyd edib ki, o vaxtı hakimiyyətə gəlmək üçün mənfur AXC-Müsavat cütlüyünün satqınlığı, xəyanəti ucbatından Azərbaycan torpaqları işğala məruz qalıb: “Onlar Şuşanı da, Laçını da işğala təslim etdilər. Bu baxımdan da cənab Prezident növbəti dəfə yenə Azərbaycan xalqına bu hadisələri unutmamaq üçün çağırış etdi. Çünki o vaxtki siyasi rəhbərliyin xəyanətindən istifadə edən ermənilər bizim torpaqları işğal etdilər. Sonda da, əlbəttə ki, Kəlbəcərin işğalı da AXC-Müsavat cütlüyünün xəyanətinin davamı idi. Təəssüflər olsun ki, bu mənfur cütlüyün törtöküntüləri təkcə o vaxtı yox, elə indi də Azərbaycana qarşı xəyanətlərini davam etdirirlər. Xalqımız da vaxtilə əzəli Azərbaycan torpaqlarını düşmənə təslim edəni də və bu gün Ali Baş Komandan İlham Əliyevin Azərbaycan torpaqlarını geri qaytardığını yaxşı bilməlidir”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin üzvü Azər Badamov sözlərinə görə, səfərlər sübut edir ki, cənab Prezidentin “Qarabağı cənnətə döndərəcəyik” ifadəsi reallıqdır: “Səfər çərçivəsində bir sıra yeni layihələrin təməlqoymasında, ilk icra olunan layihə kimi Laçının Güləbird kəndində su elektrik stansiyasının açılışında iştirak edib. Bu, onu deməyə imkan verir ki, cənab Prezidentin “Qarabağı cənnətə döndərəcəyik” ifadəsi reallıqdır. Çünki şahidi oluruq ki, çox sürətli şəkildə yenidənqurma və bərpa işləri həyata keçirilir. Bu ərazilərimiz qısa müddət ərzində bərpa edilir, müasir həyat şəraitinə qaytarılır. Qeyd etmək lazımdır ki, bərpa olunacaq bütün yaşayış məntəqələrimiz müasir layihərə əsasən qurulacaq, “ağıllı kənd”, “ağıllı şəhər” icra olunacaq, “yaşıl enerji” zonası yaradılacaq. Bütün bunlar bir daha bizə əminliklə deməyə imkan verir ki, işğaldan azad edilən torpaqlarımız Azərbaycanın ən gözəl hissəsinə çevriləcək”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aqil Abbas bildirib ki, Qarabağ səfərlərini bütün dünya: bizi sevənlər də, sevməyənlər də işıqlandırır: “Prezident Qarabağı azad edib, indi də gedir Qarabağın ən ucqar nöqtəsi olan Laçına, orada bayraq qaldırır. Məsələ ondadır ki, Qarabağ səfərlərini bütün dünya işıqlandırır, bizi sevənlər də, sevməyənlər də. Prezident də hər zaman çıxışlarında həm bizi sevənlərə, həm də sevməyənlə mesajlar ötürür, Qarabağın yenidən qurulmasına dair çıxışlar edir: Sonuncu səfərində su elektrik stansiyasının açılışı, Zəngilanda ağıllı kənd layihəsi və s. Qarabağı yenidən qurmaq üçün verilən bu mesajlar qürur hissi yaradır. Bir siyasətçi kimi Prezidentdən öyrəniləsi çox şey var və bu səbəbdən də çıxışı bir neçə dəfə izləmişəm. Həmçinin torpalarımızın satılması ilə bağlı Prezidentin çıxışına gəlincə isə, təəssüflər olsun ki, bu gün də aramızda satqınlar var. Prezidentin mesajları yenidən satqınlıq edə biləcək adamlaradır”.
Nəzrin Cavid