“Prezidentin ailəsi ilə birlikdə Qarabağa- Laçına getməsi, orada təhlükəli bir mövqedə Azərbaycan bayrağını qaldırması rus sülhməramlılarına, xüsusilə ermənilərə mesajdır ki, ölkəmizin ərazi bütövlüyü təmin edilib”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
O bildirib ki, bu səfərlər Prezidentin Qarabağın yenidən bərpası, əhalinin tədricən Qarabağa köçürülməsi istiqamətində çox fəal çalışdığını açıq nümayiş etdirir: “Zəngilan rayonunda yeni nümunəvi kəndin açılışı ilə bağlı ideyalar adamın ürəyini açır. Artıq böyük qayıdışa start verilib, Qarabağın tezliklə güllük-gülüstanlıq, turizmin inkişaf edəcəyi bir məkana çevriləcəyinə çox az qaldığı aydın görünür. Prezidentin torpağa vurğunluğu, dağıdılmış, viran qoyulmuş torpaqlar barədə ürək yanğısı ilə danışması və bu kontektsdə ermənilərə, faşist məfkurəli olanlara bir daha mesajlar yollaması qürur hissi oyadır. Azərbaycanı bütün dünyada nüfuzlu ölkə kimi tanıyırlar və bundan sonra da nüfuzunun daha çox artığının şahidi olacaqlar. Bu səfərlər çox əhəmiyyətli səfərlərdir. Bundan bir neçə gün əvvəl Füzulidə beynəlxalq hava limanının tikintisinə başlanılıbsa, bu dəfə də ermənilər tərəfindən dağıdılan kəndlərdə yeni “ağıllı kənd”lərin qurulmasına başlanılır. Nəzərə almaq lazımdır ki, belə kəndlərin Ermənistanla birbaşa sərhəddə qurulmasına başlanılması təqdirəlayiq addımdır. Bu, onu göstərir ki, Azərbaycan tərəfi bir qarış torpağı belə düşmənə verməyəcək və o torpaqlardan zorla çıxarılan 1 milyon əhali normal infrastruktur qurulduqdan sonra Qarabağa qayıdacaq. Beləliklə insanlar artıq öz doğma torpaqlarının həsrəti ilə yaşamayacaqlar”.