Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində düşməni darmadağın etməsi, Ermənistanın 10 noyabr bəyanatını imzalaması – yəni kapitulyasiyası ilə nəticələndi. Öz əzəli və əbədi torpaqlarını işğaldan azad edən Azərbaycan, demarkasiya ( sərhədlərin müəyyənləşdirilməsi) prosesinə uyğun olaraq Sünik (Zəngəzur) və Gorus rayonlarında müəyyən əraziləri də geri qaytarmağı bacardı. Bu proses hal-hazırda da davam edir. Artıq Ermənistan Gorus şəhərindən David Bek (Zeyvə) kəndinə gedən yolun 21 kilometrlik hissəsini də Azərbaycana təhvil verəcək.
Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov bildirir ki, geri qaytarılan bütün ərazilər tarixi Azərbaycan torpaqlarıdır: “Tarix təkrarlanır. Vaxt gələcək Gorus, Zəngəzur və digər tarixi dədə-baba torpaqlarına Azərbaycan dövləti nəzarət edəcək. Hələ Sovet dönəmində elə yollar vardı ki, onların biri hissəsi Ermənistandan çıxaraq Azərbaycan ərazisinə daxil olurdu. Söhbət bu cür yollardan gedir. Ancaq Azərbaycan həmin ərazilərdə öz sərhədlərini tamamilə bərpa edib. Bu gün Azərbaycanın hərbi gücünün qarşısında Ermənistan öz acizliyini etiraf edir. Orada yaşayan ermənilər də, artıq Azərbaycanın gücünü hiss edərək, kənara çəkilir və sözügedən ərazilərdə qala bilməyəcəklərini anlayırlar”.
Millət vəkilinin sözlərinə görə, Ermənistan Rusiyanın dəstəyi ilə nəqliyyat məsələlərində müəyyən imtiyazlar əldə etmək istəyir: “Dəmir yol məsələsində bütün şərtləri Azərbaycan tərəfi diktə edir. Sovet dönəmində Laçından – Naxçıvana ən yaxın yol Sisyandan keçirdi və Şahbuz rayonuna (Batabat) daxil olurdu. Təbii ki, Azərbaycan əlverişli sayılan bu yolu da tələb edəcək. Türkiyə -Naxçıvan və Azərbaycanı birləşdirən həm quru, həm də dəmiryolu məsələsi də həllini tapmalıdır. Bu barədə danışıqlar gedir. Əgər erməni xalqı son 30 il ərzində ölkəni idarə edən faşist rejimini hakimiyyətdən uzaqlaşdırıb, düşünməyi bacaran şəxsləri rəhbərliyə gətirə bilsə, o zaman regionda həyata keçiriləcək sözügedən layihələrdən faydalanacaq. Çünki bu ən çox Ermənistana lazımdır. Ermənistanın inkişaf etməsi və dövlət kimi var olması üçün yegəna çıxış yolu Türkiyə və Azərbaycanla mehriban qonşuluq şəraitində yaşamasıdır. “Dəmir Yumruq” bu dəfə işə düşsə, müharibə Yerevanda davam edəcək və Ermənistanın dövlət kimi varlığı sual altına düşəcək”.