Fevralın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Müctəba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətini salamlayan Ziyafət Əsgərov bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra dövlətlərimiz arasında qurulan və indi də davam edən dost münasibətləri bundan sonra da inkişaf edəcək.
İki ölkə arasındakı yüksək səviyyəli siyasi münasibətlərdə dövlət rəhbərlərinin böyük xidmətlərini vurğulayan Milli Məclisin komitə sədri dövlət başçılarının qarşılıqlı səfərlərində imzalanan hüquqi sənədlərin münasibətlərimizin inkişafı üçün güclü hüquqi baza yaratdığını diqqətə çatdırıb.
İki ölkənin parlamentləri arasındakı münasibətlərə də toxunan Ziyafət Əsgərov əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının əhəmiyyətindən söz açıb, pandemiya səbəbindən səngiyən qarşılıqlı səfərlərin pandemiyadan sonra yenidən bərpa olunması zərurətini qeyd edib, müştərək şəkildə həyata keçirilən layihələrin xalqlarımızın rifahına xidmət etdiyini vurğulayıb.
İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zünnuri ilk növbədə Azərbaycan xalqını Vətən Müharibəsində əldə etdiyi qələbəyə görə təbrik edərək müharibədə şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbir diləyib.