ABŞ-ın İllinoys ştatının Skoki şəhərinin meri Corc Van Dusen Xocalı qətliamının 29-cu ildönümü ilə bağlı bəyannamə imzalayıb.
Pravda.az xəbər verir ki, ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və İllinoys ştatının Azərbaycan icmasına ünvanlanmış bəyannamədə deyilir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi təcavüz və Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti çərçivəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədiblər. İşğal edilmiş şəhəri tərk etməyə çalışan dinc əhali qırğına məruz qalıb. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca erməni hərbçiləri tərəfindən qətlə yetirilib. Bəzi ekspertlər Xocalı faciəsini “Azərbaycan Srebrenitsası” adlandırırlar.