Davamlı şəkildə ölkəmizdəki qlobal problemlərlə bağlı araşdırmalar aparırıq. Apardığımız araşdırmalar nəticəsində aşkarladığımız faktları təşviq etməklə yanaşı, həm də müvafiq qurumların diqqətinə çatdırırıq. Elə bu missiyamız çərçivəsində bir neçə gün əvvəl Kür çayının quruması barədə həyəcan təbili çalmışdıq. Və problemin həlli üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyini və AMEA-nın Coğrafiya İnstitutunu hərəkətə keçməyə çağırmışdıq. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başı “daha ciddi” işlərə qatışdığı üçün çağırışımıza laqeyd qaldı. Amma Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov hərəkətə gəlib. “Kürün ekosisteminin məhv olma təhlükəsi yaranıb” başlıqla yazı ilə dövri mətbuatda çıxış edib. Ramiz Məmmədov bildirib ki, ümumilikdə respublika ərazisində ekstremal hidrometeoroloji hadisələrin sayı çoxalıb. Nəticədə Kür çayında ciddi fəsadlar yaranıb. Çayın su sərfi ekoloji minimuma yaxınlaşıb, çay ekosisteminin məhv olma təhlükəsi yaranıb.
Lakin hörmətli Ramiz müəllim təhlükəni bəyan etsə də, vəziyyətin düzəldilməsi üçün heç bir təklif irəli sürməyib.Bu da onu göstərir ki, səlahiyyətlilərimiz məsələyə xüsusi diqqət yetirmir. Amma vəziyyət olduqca təhlükəlidir. Bəri başdan qeyd edək ki, Kür çayının qurumasının bir sıra səbəbləri var. Çayın qurumasına Kürün mənbə ölkəsi Türkiyənin və tranzit ölkə olan Gürcüstanın da ciddi təsiri var. Belə ki, onların Kür suyundan normadan artıq istifadəsi və suyun çox hissəsinin anbarlara toplandığı ilə bağlı məlumatlar yer alır.
Oxşar hallar təkcə bizim regionlarda deyil, dünyanın başqa zonalarında da müşahidə olunur. Hətta bəzi yerlərdə ölkələr arasında qarşıdurmalar yaranmasınadək gətirib çıxarır. Belə çıxır ki, ölkələr qlobal su müharibələrinə hazırlaşırlar. Çünki yaxın müddətdə dünya üzrə çox ciddi quraqlığın baş verəcəyini və çox ciddi su probleminin yaranacağını həm qlobal elmi mərkəzlər, həm də beynəlxalq təşkilatlar etiraf ediblər.
Müxtəlif ölkələr buna hazırlıq işləri görür. Bizim vəziyyətimiz isə çox təhlükəlidir. Çünki su ehtiyatlarımızın 70 faizi ölkə sərhədlərindən kənardakı mənbələrdə formalaşır. Qafqazın ümumi su ehtiyatının çox cüzi hissəsi bizim payımıza düşür. Gürcüstan və Ermənistan əhali və ərazicə bizdən 2-3 dəfə az olmalarına baxmayaraq, su ehtiyatlarına görə bizdən 2-3 dəfə çox imkanlara malikdirlər. Qafqaz regionunda ən bol sulu ölkə Gürcüstandır. Gürcüstanın su ehtiyatları zəngindir. Bu ölkədə 26 minə qədər çay var. Onların ümumi həcmi 65,3 kub kolometrdir. Bunun 56,6 kub kilometri Gürcüstan ərazisində formalaşır. 9,3 kub kilometri isə tranzit kimi ölkə ərazisindən keçir. Burada 860 göl və su anbarları var. Elektrik enerjisinin istehsalı üçün 43 anbar tikilib. Yeraltı suların ehtiyatları 10 kub kilometrdən çoxdur. Azərbaycan isə regionun ən az təbii su ehtiyatlarına malik ölkədir. Ölkəmizdəki çayların su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır. Yerli çayların axımı bütövlükdə Respublika ərazisində formalaşır və onlar bütünlüklə ölkə ərazisindən axır. Tranzit çayların əsas axımı Respublika ərazisindən kənarda, xarici ölkələrdə formalaşır.