"Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsinin yaradılmasını qətiyyən təsadüfi və elmə xidmət edən bir addım hesab etmirəm. Bu, onun rəhbərlik etdiyi “Beşinci kolon”a daxil olan məmurlara, varsa, siyasi partiyalar və media qurucularına mesajdır ki, biz hələ sağ-salamatıq, heç kim heç yerə dağılışmasın".
Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Partiya sədri bildirib ki, hansısa dövlət qurumunun tərkibində yeni orqan yaratmaq dövlət büdcəsinə də əlavə xərcdir: "Bildiyimiz kimi, Tarix İnstitutu özü lazım olan vaxt ictimai-siyasi tarixi araşdırır, yəni artıq bu işlə məşğul olan bir qurum var. Mən bilmirəm ki, bu yeni şöbə elmə nə verəcək? Belə çıxır ki, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti və Dövlət Sərhəd Xidməti tarixi şöbəsi də yaradılmalıdır? Bu, əslində Ramiz Mehdiyevin dövlət strukturlarına paralel şəkildə özü üçün yeni strukturlar yaratmasıdır. Ramiz Mehdiyev əslində Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində balaca dövlət yaradır və mən həmişə də bəyan edirəm ki, Azərbaycandakı "Beşinci kolon"un rəhbəri odur. Qısaca belə deyə bilərəm, Ramiz Mehdiyev dövlət içində dövlətə qarşı öz dövlətini qurur. Kimisə niyyətlərinə görə həbs etmək mümkün olmadığı üçün, Ramiz Mehdiyevin hələ niyyətlərini qoyuram bir kənara, lakin hələ təkcə bu günə qədər etdiyi qanunsuzluqlar, törətdiyi rüşvət və korrupsiya hallarına görə barəsində cinayət işi açılmalı, o, məsuliyyətə cəlb edilməli və mütləq həbs olunmalıdır. Onun azadlıqda qalmasının hər günü, AMEA kimi strateji əhəmiyyətli bir quruluşun rəhbəri olmasının hər saatı dövlətçilik üçün təhlükəlidir".