"Boz kardinal" kimi ad çıxarmış Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev keçmişdə olduğu kimi indi də AMEA prezidenti postunda ölkənin siyasi gündəmini müəyyənləşdirməyə cəhdlər edir. Belə ki, elm məbədində "islahat” adı altında etdiyi yerdəyişmələrlə medianın diqqətini özünə çəkən Mehdiyev hələ də ölkə siyasətində önəmli rola sahib olduğunu sübut etməyə çalışır.
Pravda.az-ın xəbərinə görə, "Beşinci kalon”un rəhbəri kimi tanınan və ölkədəki məlum eybəcər siyasi düzənin müəllifi olan Mehdiyev hakimiyyətdən uzaqlaşdırılmış məmur oliqarxları da ətrafına cəmləşdirir. Bu xüsusda əsas diqqət sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədova yönəlir. Çünki hakimiyyətdə olduqları zaman Mehdiyevlə Məmmədovlar klanı arasında ziddiyyətlərin olması ilə bağlı geniş əksəriyyətdə ustalıqla yanlış təəssürat yaradılmışdı. Halbuki Mehdiyevin hazırda Elton Məmmədov timsalında sərgilədiyi münasibət bunun tam əksini ortaya qoyur. Sən demə nəinki ölkənin siyasi düzəni, eləcədə 10 milyard manatdan çox büdcə vəsaitinin ayrıldığı nəqliyyat infrastrukturunun bərbad hala salınmasında da Mehdiyevin rolu olub. Həmçinin, bu sahədə baş verən cinayətlərin zamanında ifşa olunmamasının əsas günahkarının Ramiz Mehdiyev olduğu da indi kimsədə şübhə doğurmur.
Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən təxminən 1 ay sonra, konkret 27 noyabr 2019-cu ildə Elton Məmmədovu AMEA Yüksək Texnologiyalar Parkının direktoru təyin etdi. Bununla kifayətlənməyən Mehdiyev daha sonra elmi dairələrdə alimliyi şübhəli sayılan Elton Məmmədovu AMEA Rəyasət Heyəti aparatının işlər idarəsinin müdiri təyin etdi. Hazırda akademiyadan məqsədli və ya məqsədsiz sızdırılan informasiyalarda Elton Məmmədov AMEA-da Ramiz Mehdiyevin "sağ əli”, "qara kassası” kimi xarakterizə olunur.
Mehdiyevin Elton Məmmədova AMEA-da vəzifə verməsi həm də Məmmədovlar klanının Rusiyaya bağlı olduğunu da əyani nümayiş etdirir. Bu baxımdan Məmmədovlar klanının Kremlin dəstəklədiyi ABŞ-ın sabiq və qalmaqallı prezidenti Trampın seçki kampaniyasına maliyyə dəstəyi verməsini də təsadüf saymaq olmaz. Daim Kremlin Cənubi Qafqazda maraqlarını qorumağa və bunun əksinə baş verən proseslərə müqavimət göstərməyə çalışan Mehdiyevin yanında duran Elton Məmmədovun hərəkətləri də bunu göstərir. Həmçinin sabiq deputata məxsus şirkətlərin Rusiyanın postsovet məkanını nəzarətdə saxlamaq üçün yaratdığı separatçı bölgələrdə fəaliyyət göstərməsi ilə bağlı mediada yayılan məlumatlara sıradan bir xəbər kimi baxmaq olmur.
Elton Məmmədov həm də siyasi iddialarını həyata keçirmək üçün AMEA prezidentinə lazımlı fiqur hesab edilir.