Rusiya Qarabağda separatçı hərəkatın ildönümünün qeyd olunmasına şərait yaradır.
Niyə?
Çünki Rusiya göstərməlidir ki, problem hələ davam edir, sülhməramlılar da elə o səbəbdən burdadır. Əgər Azərbaycanın problem hesab etdiyi bütün məsələlər həllini tapacaqsa, Azərbaycanın suverenliyi bütün Qarabağ ərazisində bərqərar olacaqsa, bu, o deməkdir ki, sülhməramlı əməliyyatı zəruri edən səbəblər aradan qalxır və bu missiya başa çatmalıdır.
Digər tərəfdən, unutmayaq ki, Rusiya (eləcə də Qərbdə bir çox çevrələr) erməni separatizmini legitim sayır. Putin Qarabağ mövzusunda sonuncu bir neçə çıxışında hadisələrin Sumqayıtdakı erməni qırğınları ilə başladığını, Qarabağdakı ermənilərin özlərini (öz ləyaqətlərini) qorumaq üçün silaha sarıldıqlarını vurğulayıb.
Yəni bu xəmir hələ (qeyri-müəyyən müddət) su aparacaq. Rusiya gah bizdən yana görünəcək və bizim tələblərimizə həssaslıqla yanaşacaq (məsələn, ermənilərin Qərbdən gələn dostlarının Qarabağa buraxılmaması), bəzən də ermənilərdən yana görünəcək və onların istəklərinə uyğun davranacaq.
Bölgədə kommunikasiyaların (Azərbaycan-Ermənistan, Rusiya-Azərbaycan-Ermənistan, İran-Azərbaycan-Ermənistan, Bakı-Ermənistan-Naxçıvan-Türkiyə) Rusiyanın nəzarəti və moderasiyası altında açılması da Moskvanın geosiyasi maraqlarına uyğundur və onun uzunmüddətli planlarından xəbər verir. Bu məsələdə illüziyalara qapılmaq lazım deyil. Rusiya (eləcə də İran) indiki halda Türkiyənin Azərbaycan və türk dünyası ilə coğrafi birləşməsinə, şərti Turan tellurokratiyasına niyə şərait yaratsın? Bu, yalnız o vaxt mümkün ola bilər ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olsun; Türkiyə də öz növbəsində avroatlantik məkandan qopub, öz gələcəyini Rusiya və İranla birlikdə Avrasiya proyektində görsün. Yəni 9 ballıq geosiyasi zəlzələ...
Amma proseslər göstərir ki, Putin Rusiyası bu ehtimalı heç də imkansız saymır və həmin tektonik hərəkətlənmələri tətikləyəcək siyasət yeridir. (İstisna deyil ki, Türkiyədən də ümidverici mesajlar alıblar.)