BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Dövlət Gömrük Komitəsini tənqid etdi: “Tələb qoyulur ki...”

"Qaimə-faktura ilə təqdim edilmiş 1.000 dollara alınan məhsul barədə gömrük orqanları tərəfindən tələb qoyulur ki, bu məhsulun qiyməti bazarda 3.000 dollardır".

 

Pravda.az xəbər verir ki, bu fikirləri deputat Müşfiq Cəfərov Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

 

Deputat qeyd edib ki, burada ən əsas məqam baş verən valyuta axınıdır: "Bizim seçicilərimiz olan kiçik və orta biznesi təmsil edən sahibkarlar tərəfindən qaldırılan iki vacib məsələni diqqətinizə çatdırmaq istərdim. Bu həm razılıq, həm də narahatlıq ifadə edilən mövzulardır. Razılıq ondan ibarətdir ki, son dövrlərdə xüsusilə elektron vergi xidmətində aparılan təkmilləşdirmə işlərində kamerial yoxlamaların və qoyulan sərəncamların sayı azaldılıb. Belə ki, elektronlaşma nəticəsində, hansısa bir şübhə yaranmadığı halda kamerial vergi yoxlanması aparılmır".

 

Deputat həmçinin ikinci - narahatlıq doğuran məsələ ilə bağlı fikirlərini də bildirib: "Digər bir gömrüklə bağlı olan məsələ sahibkarların böyük narahatlığına səbəb olub. Xüsusilə də idxal olunmuş məhsulların qiymətinin şişirdilməsi ilə bağlı olan bu məsələ, yəqin ki, sosial şəbəkələrdə hər birimizin qarşısına çıxıb.  Misal üçün, qaimə-faktura ilə təqdim edilmiş 1.000 dollara alınan məhsul barədə gömrük orqanları tərəfindən tələb qoyulur ki, bu məhsulun qiyməti bazarda 3.000 dolardır. Nəticədə, rəsmiləşdirmə üçün 3.000 dollar qeyd  olunur. Belə olan halda, təbii olaraq, qiymətartımı baş verir, sahibkarlar məhkəməyə müraciət edir. Burada ən əsas məqam isə, baş verən valyuta axınıdır. Sahibkar razılaşdığı təqdirdə, 1.000 dollara aldığı məhsulu qaimə-faktura ilə 3.000 dollar yazdırıb ölkəyə gətirir. Nəticə etibarilə, 2.000 dolları ölkədən çıxarır və valyutanın hansı məqsədlə  istifadə edilməsi qeyri-müəyyən qalır. Bizim kifayət qədər yaxşı işlənib hazırlanmış Gömrük Məcəlləmiz var ki, bu proses də sözügedən Məcəlləyə əsasən, sövdələşmə üsulu ilə aparılmalıdır, amma birbaşa olaraq ehtiyat üsuluna keçid edilir.

 

Ümid edirəm ki, Gömrük Komitəsi bu məsələnin həlli üçün çalışacaq, bu işdə ciddi dönüş yaradacaq və vergi məsələləri ilə bağlı olduğu kimi, gömrük məsələlərində də fikirlərimizi səsləndirəcəyik"

 

Nəzrin

Tarix: 23 Fevral 2021, 18:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin