BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Hərbçilərin ikiqat əmək haqqı azaldılmalıdır" kimi təxribatçı cümləni yazıb tirajlayırlar

"Baxacaqsınız, görəcəksiniz, bu təbliğatın arxasından da erməni xətti çıxacaq. Bizim başıboşları da hər dəfə sürü halında öz təbliğatlarına dəm tutmağa yönəldə bilirlər. Milli Məclisdə heç bir deputat əvvəllər döyüş bölgəsi olmuş ərazilərdə xidmət keçən hərbçilərin ikiqat maaşlarının azaldılmasını nəinki dəstəkləməyib, hətta təkliflər verərək bu yöndə hökumətin mümkün tədbirlər görməsi üçün çağırışlar ediblər. Burada, sadəcə, söhbət məsələnin təqdimat formasının yanlışlığından gedir. Azərbaycan dövlət olaraq prezident səviyyəsində elan edib ki, Qarabağda müharibə bitib və burada quruculuq işləri başlayıb. Demək ki, bu ərazi artıq döyüş əməliyyatlarının getdiyi ərazi sayılmır. Bu səbəbdən də "döyüş bölgəsi" termini gündəmdən çıxıb.  Burası və digər sərhəddəki təmas xəttində olan ərazilər yüksək həyati risq tələb edən ərazilərdir və təbii ki, hökumət də bu ərazilərdə xidmət keçən hərbçilərin və hətta müvafiq mülki qurumların mütəxəssislərinin əməyinin ödənişini başqa rahat sayılan bölgələrdə çalışanlardan fərqləndirməlidir. Bu istiqamətdə yeni qaydaların hazırlanması barədə müvafiq qurumlardan cəmiyyətə açıqlamalar da verilməməkdədir. Demək ki, kimsə "hərbçilərin ikiqat əmək haqqı kəsilməlidir" ifadəsini işlətməyib. Parlamentin xanım sədri də "Qarabağın döyüş bölgəsi olması" barədə səsləndirilən ifadənin siyasi baxımdan doğru olmadığını vurğulayıb. Bəs nədən sonra xüsusi təbliğat materialları hazırlanaraq sədrin, ayrı-ayrı deputatların şəkillərinin altında bu gün başımızın tacı, qələbəmizin müəllifi olan hərbçiləri əsəbləşdirmək üçün yalandan "Hərbçilərin ikiqat əmək haqqı azaldılmalıdır" kimi təxribatçı cümləni yazıb tirajlayırlar və xeyli başıboş insan da bilərəkdən və ya  bilməyərəkdən bu təhqir kampaniyasının iştirakçısına çevrilir? Əlbəttə, Qarabağda həm separatçı, həm də erməni terrorçuları qalıb, müharibəni bir dövlət olaraq gücümüz yetən səviyyədə hərbi və diplomatik uğurla tamamlamışıq, ancaq ağlı başında olan hər bir azərbaycanlı anlayır ki, bölgənin güclü dövlətləri ilə qarşdurmaya getmədən bundan sonrakı zamanda digər məsələlərini də addım-addım çözməyə çalışmalıyıq və çalışırıq da! Bu kimi süni gündəmin yaradılmasına sadə məsələ kimi baxmaq olmaz".

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

F.Mustafa qeyd edib ki, deputatı, yaxud da hansısa vəzifəli şəxsi qəbul etməyə bilərsən, onun fəaliyyətindən narazılıq da ifadə edə bilərsən, ancaq Qarabağ məsələsi üzərindən, hərbçilərimizin sıxıntıları üzərindən bu cür ustalıqla düşünülmüş çoxşaxəli yalan təbliğatın aparılmasında iştirak etməklə Azərbaycan maraqlarına nə qədər böyük zərbə vurduğunun fərqində olmalısan: "Savaş başlamazdan bir gün öncə "bu hökumət Qarabağda erməniyə qalib gələ bilməz" deyənlər, indi bütün təbliğatı Rusiya sülhməramlıları üzərindən, hərbçilərimizin duyğuları üzərindən, Xankəndində, Xocalıda məğlubiyyətdən miskin duruma düşmüş beş-altı erməninin boşuna sərsəmləməsi üzərindən aparırlar. Artıq qələbənin memarı olan ali baş komandanın üzərinə böhtan və şantajla yüklənə bilmirlər, gecə-gündüz dövlət bəndinin haradan uçurulmasının yollarını axtarırlar.  Qəbələ RLS-in sonrakı taleyi ilə bağlı məsələni yəqin ki, çoxumuz xatırlayırıq. Xəzərin statusunu necə, xatırlayırsınız? Türkmənistanla olan ziddiyyəti necə, eşitmisiniz? Bəzi məsələləri məhz bu cür diplomatik yolla, sakit formada burada da çözməliyik və inanıram ki, çözəcəyik. Başqa mövzularda haqlı tənqidlərinizi qəbul etmək, haqsız iftiralarınızı yola vermək mümkündür, ancaq Allahı sevərsiniz hədsiz vətənpərvər görünmək yarışını Qarabağ üzərindən, hərbçilərimiz üzərindən, məcburi köçkünlərimiz üzərindən apamayın və birliyimizi pozmağa yönələn erməni təbliğatının dəmkeşlərinə çevrilməyin".

Tarix: 26 Fevral 2021, 20:57   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin