“Muğan Bank” 2020-ci ilin sonuna olan hesabatını açıqlayıb.
Pravda.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Muğan Bank”ın məcmu kapitalı 10 milyon 182 min manatdır. Bu isə normadan 39 milyon 818 min manat və ya 80% azdır. Banklar haqqında qanunun 3.2 maddəsinə əsasən Bankın məcmu kapitalının minimum miqdarı 50 (əlli) milyon manat məbləğində olmalıdır.
Məcmu kapitalın 50 milyon manatdan az olduğu təqdirdə bankın lisenziyası Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ləğv olunur və Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən bankın ləğv olunmasına dair işlərə start verilir.
Xatırladaq ki, lisenziyası ləğv olunmuş Amrah Bank, AG Bank, NBC Bank, Dəmir Bank və s. bankların məcmu kapitalı 50 milyon manatdan az idi. Buna görə də bankın məcmu kapitalının normaya qaytarılması üçün bir neçə rüb güzəşt tətbiq ediləcək. Bu güzəşt dönəmində bankın məcmu kapitalı yenə normaya cavab verməsə, “Muğan Bank”ın lisenziyası ləğv olunacaq.
2020-ci ilin sonunda bankın cəmi aktivləri 590 milyon 906 min manat olub ki, bu da 2019-cu ilin eyni rübü ilə müqayisədə 69 milyon 930 min manat və ya 10,5% azdır. Bunun əsas səbəbi isə bankın müştərilərinə verdiyi xalis kreditlərin 29 milyon 532 min manat və ya 8,2% az olmasıdır.