Gömrük Komitəsinin təklifi qəbul ediləcəyi təqdirdə ölkəmizdə olan istehsal tarixi 5 ildən artıq olan avtomobillərin dəyəri yüksələcək.
2021-ci ilin martın 4-də Gömrük Komitəsində keçirilən mətbuat konfransında komitə sədri Səfər Mehdiyev bildirib ki, Azərbaycanda avtomobil parkın yenilənməsi ilə bağlı layihələr müzakirə olunur.
S.Mehdiyev söyləyib ki, müzakirə mövzusu yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin idxalına üstünlük verilməsidir. Komitə sədrinin sözlərinə görə burada söhbət istehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirilərsə belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun.
Bu təkliflərin qəbul ediləcəyi təqdirdə Azərbaycanda avtomobil bazarında hansı dəyişikliklər baş verə bilər?
Gömrük komitəsinin sədrinin bildirdiyi kimi istehsal tarixindən 5 ildən çox keçən avtomobillərin idxalı qadağan edilərsə və ya onların idxalına tətbiq edilən rüsum və vergilər kəskin şəkildə artırılarsa, Azərbaycanda olan köhnə avtomobillərin dəyərində 15-20 faiz artım baş verəcək. Çünki avtomobil sahibi olmaq istəyənlərin imkanları orta hesabla 18-20 min manatlıq avtomobillərin alınmasına çatır. Bu imkanla xaricdən daha çox 2005-2012-ci ilə qədər olan avtomobilləri idxal etmək mümkündür. İstehsal tarixi 5 il və daha yeni olan, orta keyfiyyətli avtomobilləri idxal etmək üçün ən azı 30 min manat tələb olunur. Deməli, təklif edilən qaydalar qüvvəyə minərsə, idxal edilən avtomobillərin sayı kəskin azalacaq və avtomobil sahibi olmaq istəyənlərin çoxu daxili bazara yönələcək.
Daxili bazarda olan avtomobillərin böyük hissəsi köhnə avtomobillərdir. Minik avtomobillərinin təxminən 80 faizinin istehsal tarixi 10 ildən artıqdır. 2014-cü ildə bu göstərici 62 faiz idi. Altı il ərzində onların xüsusi çəkisi 18 faiz bəndi artıb. Belə davam edərsə, 2025-ci ildə istehsalından 10 il keçən avtomobillərin payı 90 faizə çatacaq.