Cənab Prezidentin YAP-ın VII qurultayındakı çıxışında böyük bir fəlsəfə var. Bu fəlsəfənin də əsas dəsti-xətti ondan ibarət idi ki, Qarabağda, döyüşdə əldə etdiyimiz uğuru Qələbədən öncə qazandıq. Cənab Prezident qurultaydakı çıxışında qazanılan Qələbinin iqtisadi, siyasi əsaslarından bəhs etdi. Beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeyinin haqqa-ədalətə əsaslandığını söylədi. Ordu quruculuğu və reallaşan bütün sosial proqramların məhz Qələbəyə istiqamətləndiyi bir daha diqqətə çatdırıldı. Belə bir deyim var: “Qələbəni döyüş meydanında axtarmazlar”. Qələbəni döyüşdən öncə əldə edirlər. Döyüş meydanında isə bu sübut olunur.
Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.
Onun sözlərinə görə, ermənilərin faciəsi məhz ondan ibarət idi ki, onlar 27 ildə öz ölkələrini də dağıda-dağıda dünyaya yalan söyləməklə məşğul olublar:
“Ermənilər Qarabağda tarixi abidələrimizi, təbiəti, ekologiyanı məhv edə-edə heç nə əldə etmədilər. Ermənistan bundan sonra döyüş meydanında qələbə axtarmağa başladı və təbii olaraq da uduzdu. Ancaq Azərbaycan tamamilə əks siyasət apardı. Bu siyasət ondan ibarət idi ki, Qələbəyə qədər BMT və Avropa Şurasının 14-16 saylı qətnamələri, Avropa Parlamentinin qərarları ilə hüquqi bir baza yaratdı. Uğurlu siyasət nəticəsində böyük, güclü, bütün imkanlara malik bir Ordu yaradıldı. Ölkəmizin iqtisadi dayanıqlığı möhkəmləndi. Azərbaycan artıq dünyanın aparıcı ölkələri ilə iqtisadi rəqabət aparır. Ona görə də Azərbaycanla Ermənistanın müqayisəsi olduqca uğursuzdur. Ermənistan Azərbaycanla heç bir istiqamətdə rəqabət apara biləcək gücdə deyil. Döyüş meydanında da xalq-iqtidar birliyi, ruh yüksəkliyi tarixi Qələbəni şərtləndirdi. Böyük Zəfərdən sonra da cənab Prezident uğurlu siyasətini davam etdirir”.