Tibb işçilərinin vaksinasiyası başa çatıb, artıq yaş qruplarına görə vaksinasiya davam etdirilir. Gün keçdikcə peyvənd vurduranların sayı artmaqdadır. Vaksin iki dozadan ibarətdir, 28-ci gündən sonra ikinci doza vurulur. Baxmayaraq ki, peyvəndləmə aparılır, insanlar qorunma tədbirlərinə əməl etməlidirlər. Çünki bəzi insanlar peyvənddən sonra qaydalara qarşı etinasız davranırlar, bu da yoluxmaların sayında artıma səbəb olur.
Bunu TƏBİB-in İnfeksion xəstəliklər şöbəsinin müdiri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, əgər bu günlərdə rəqəmlərə etinasız yanaşsaq, yenidən eyni problemlərlə qarşılacağıq: “Mən hər iki doz peyvəndi vurdurmuşam və heç bir narahatlığım yoxdur.Vaksindən sonra koronavirusa yoluxma halı normaldır. Nəzərə alaq ki, virusun iki həftə müddətində inkubasiya dövrü var. Ola bilər, şəxs virusa yoluxduğu müddətdə vaksin vurdurub.
Eyni zamanda, vaksin hər iki doz vurulduqdan sonra qoruma yaradır. Lakin araşdırmalar göstərir ki, hər iki doz vaksin vurulsa belə, 90 faiz qoruyuculuğu var. COVID-lə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi tövsiyələr əsasında hərəkət edirik. Əgər vaksinlərin yan təsirinin elmi sübutu olsaydı, ÜST tövsiyə etməzdi”.