“Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə Bakıxanov qəsəbəsində inşa edilən yerüstü piyada keçidi qurumun sədri Cavid Qurbanov üçün başağrısına çevrilib.
Pravda.az xəbər verir ki, keçidin tikilməsi nəticəsində Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 4 ünvanında yerləşən “Azer Mega Response Pazarlama Ltd” emal zavoduna giriş bağlanıb. Fəaliyyətini dayandırmağa məcbur olan müəssisə məhkəməyə müraciət edib.
İddiada piyada keçidinin sökülərək təsdiq edilmiş layihəyə uyğun tikilməsi, yolun bərpasına şəraitin yaradılması xahiş edilib. Lakin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Müəssisə Apelyasiya Məhkəməsinə müraciət edib. İş hazırda hakim Raqib Qurbanovun icraatındadır. Məhkəmə martın 19-da yerində müayinə aparacaq.