Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdir. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.
Bu qərar inflyasiyanın dəyişimi üzrə son meyillər, xərc və tələb amillərinin qısa və ortamüddətli dövrdə qiymətlərə mümkün təsirləri nəzərə alınmaqla qəbul edilmişdir. Aparılmış təhlillər inflyasiya üzrə risk balansında amillər arasında əhəmiyyətli bir dəyişikliyin baş vermədiyini göstərir. Stabilləşdirici amillər olan neftin qiymətinin yüksəlməsi, xarici balansın yaxşılaşması, əsas siyasət lövbəri olan məzənnə sabitliyi, iqtisadi fəallığın zəif bərpası artırıcı amillər olan dünya ərzaq qiymətlərinin yüksəlməsi, kontr-tsiklik fiskal siyasət və gözlənilən monetar genişlənməni tarazlaşdırır. Qeyri-monetar inflyasiya səviyyəsi bir qədər yüksəlsə də baza inflyasiya stabil olaraq qalır. Qiymətləndirmələr ilin sonuna inflyasiyanın Mərkəzi Bankın hədəf dəhlizi daxilində qalacağını göstərir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf parametrləri ilə müqayisəsi, ortamüddətli proqnoz horizontunda risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir.
İnflyasiya prosesləri. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından bəri illik inflyasiya səviyyəsi yüksəlsə də, hədəf çərçivəsində qalmışdır. Rəsmi statistikaya görə istehlak qiymətləri indeksi fevral ayında əvvəlki aya nəzərən 1.6%, ötən ilin fevralına nəzərən 4.2% artmışdır. İnflyasiya ilk növbədə dünya əmtəə qiymətlərinin və bəzi inzibati qiymətlərin yüksəlməsi kimi xərc amillərindən təsirlənmişdir. Qeyri-ərzaq məhsullarının və xidmətlərin bahalaşmasının inflyasiyada rolu nisbətən artmışdır.
Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-fevral aylarında 2,1% təşkil etmişdir.
İnflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Real sektor müəssisələri üzrə monitorinq nəticələrinə görə fevralda ötən aya nəzərən inflyasiya gözləntiləri ticarət və xidmət sektorlarında sabit qalmışdır. Qeyri-neft sənayesində inflyasiya gözləntisi yanvardakı artımın ardınca nisbətən azalmışdır. Tikinti sektorunda isə qiymət gözləntisinin azalma meyli davam etmişdir.
Mart ayında yenilənmiş proqnozlara görə mövcud pul siyasəti nəzərə alınmaqla inflyasiyanın 2021-ci ilin sonuna elan olunmuş hədəf diapozonunda formalaşacağı gözlənilir.
Xarici sektor. Xarici şərtlərin milli iqtisadiyyata və ölkədəki inflyasiya proseslərinə təsirləri müxtəlifdir.
Dünya bazarında neftin qiymətinin artım meylinin davam etməsi tədiyə balansına müsbət təsir edir və valyuta bazarındakı tarazlığı dəstəkləyir. OPEC++ razılaşması və dünya iqtisadiyyatının bərpası kimi gözləntilərin təsiri altında neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 60 ABŞ dollarını, mart ayının ötən dövründə isə 67 ABŞ dollarını üstələmişdir. Aparıcı analitik mərkəzlər özlərinin son hesabatlarında cari ilə neft istehlakı və qiyməti proqnozlarını bir qədər artırmışdır.
Dünya ərzaq qiymətlərinin yüksəlməsinin davam etməsi daxili inflyasiyaya artırıcı təsir edir. Dünya ərzaq qiymətləri yanvar-fevralda 6.9%, son 12 ayda 16.7% yüksəlmişdir. Ən yüksək illik bahalaşma yağ (51%) və un məhsulları üzrə (26.5%) qeydə alınmışdır. Dünya bazarında buğdanın bahalaşmasının daxili inflyasiyaya təsirini azaltmaq üçün buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha bir il müddətinə əlavə dəyər vergisindən azad edilmişdir.
Qlobal iqtisadiyyatda, o cümlədən tərədaş ölkələrdə iqtisadi artımın bərpasının qeyri-neft ixracı və investisiya axınları vasitəsilə Azərbaycanda tələbin dinamikasına artırıcı təsir göstərəcəyi gözlənilir. Digər tərəfdən yaradılmış beynəlxalq nəqliyyat infrastrukturundan daha aktiv istifadə və mart ayının 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişinin qüvvəyə minməsinin ölkəmizin qeyri-neft ixracının genişlənməsinə müsbət təsir göstərəcəyi gözlənilir.
Ötən toplantıdan bəri ticarət tərəfdaşı olan ölkələrin maliyyə bazarlarında vəziyyət stabil olmuşdur. Bu ölkələrin əksəriyyətində pul siyasətinin yumşaldılması dayandırılmışdır.