ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi (Meridian International Center) və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin (Oxus Society) moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, tədbirdə yüksək səviyyəli qonaqlar qismində ABŞ Dövlət katibi Antoni Blinken, Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Mətyü Lussenhop, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Qreqori Miks, ABŞ Milli Qvardiyasının rəhbərinin müavini general-leytenant Mark Sassevil Novruz bayramı ilə əlaqədar təbrik mesajlarını çatdırıblar.
Dövlət katibi Antoni Blinken çıxışı zamanı Novruz bayramının bir çox ABŞ vətəndaşları tərəfindən hər il qeyd edildiyini, min illər tarixi olan bu bayramın tədbiri təşkil edən ölkələrin xalqları ilə ABŞ xalqını birləşdirdiyini vurğulayıb. Novruzun yeni başlanğıc, yeni imkanlar və ABŞ-la tədbiri təşkil edən bütün ölkələr arasında yeni əməkdaşlıq üçün ümid olduğunu diqqətə çatdırıb.
Dövlət katibinin köməkçisi vəzifələrini icra edən Mətyü Lussenhop çıxışı zamanı Novruzun birgə dəyərlərin və mədəni zənginliyin gözəl nümunəsi olduğunu bildirib. Ölkələrimizin mədəni irsi və ABŞ-la tərəfdaşlığına böyük qiymət verdiyini qeyd edib. ABŞ-la sözügedən ölkələr arasında yenilənmiş və davamlı tərəfdaşlıq istiqamətində çalışacaqlarını vurğulayıb.
ABŞ Konqresində Xarici İşlər Komitəsinin sədri Qreqori Miks baharın ilk günü hesab edilən Novruzun son 3000 il ərzində qeyd edildiyini diqqətə çatdırıb. Hal-hazırda, 300 milyondan çox insanın təmtəraqla qarşıladığı bu bayramın, birgə məram və məqsəd üçün çalışmağın əhəmiyyətini xatırlatdığını qeyd edib. Birgə olmağımızın bizi gücləndirdiyini vurğulayıb. ABŞ-ın bugünki tədbiri təşkil edən bütün ölkələrlə tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib.
ABŞ Milli Qvardiyasının rəhbərinin müavini general-leytenant Mark Saasevil tədbiri təşkil edən ölkələrlə Milli Qvardiyanın tərəfdaşlıq proqramları çərçivəsində genişmiqyaslı əməkdaşlıq həyata keçirildiyini, ABŞ-ın bu ölkələrdə sülh, əminamanlıq və təhlükəsizliyin dəstəklənməsində maraqlı olduğunu vurğulayıb. Novruz bayramı ilə qarşılıqlı inam, hörmət və əməkdaşlıq üçün yeni ümidlər yarandığı diqqətə çatdırılıb.