BURADA REKLAMINIZ OLA
BİLƏR

“Paşinyan parlament seçkisi elan etməklə müxalifəti parçalamağa müvəffəq oldu”

Vazgen Manukyan yenə məğlub oldu. Birinci dəfə Manukyan 1996-cı ildə prezident seçkiləri zamanı rəqibi Levon Ter-Petrosyana məğlub oldu, etiraz olaraq aksiyalar keçirdi, ancaq polis və ordu qüvvələri onun tərəfdarlarını küçələrdən qovdu. Manukyan ikinci dəfə üstündən 25 il sonra Levon Ter-Petrosyanın keçmiş tələbəsinə - Nikol Paşinyana məğlub oldu.

 

Ermənistanın 17 siyasi partiyası müharibədə ağır məğlubiyyətdən sonra baş nazir Nikol Paşinyanın istefasını tələbi məqsədilə “Vətənin xilası naminə hərəkatı”nı təsis etdilər. Hərəkat 74 yaşlı Vazgen Manukyanı özünə lider seçərək onun müvəqqəti baş nazir olması tələbini irəli sürdü. Ancaq 17 müxalifət partiyası təxminən 4 ay ərzində keçirdiyi mitinqlərə bir neçə mindən artıq erməni toplaya bilmədi. Çünki ermənilərin əksəriyyəti həm müharibədəki məğlubiyyətlə, həm də Paşiyanın baş nazirliyinə davam etməsiylə barışmışdı.

 

Paşinyan iyunun 20-də erkən parlament seçkisi elan etməklə müxalifəti parçalamağa müvəffəq oldu. Manukyanın müvəqqəti baş nazir xəyalı buxarlandı. Məsələ burasındadır ki, “Vətənin xilası naminə hərəkat”ının iki əsas qurucusu  – “Çiçəklənən Ermənistan” və “Vətən” partiyaları parlament seçkisində iştirak edəcəklərini bəyan etdilər, yəni Paşinyanın oyun qaydasına razılaşdılar. Halbuki, Manukyan və onun “hərəkatı” Paşinyanın rəhbərliyi altında erkən parlament seçkisinin qəti əleyhinə idi.

 

Beləliklə, Manukyanın dünənki ardıcılları onu yarı yolda buraxdılar. Çünki partiyalar anladılar ki, onların siyasi müstəvidə qalmalarının yeganə şansı seçkidə iştirakdan keçir, onsuz da Manukyanın bağırtıları meydana kifayət qədər etirazçı toplaya bilmədi. Nəticə olmadı. Ona görə də Manukyanın və daşnakların arxasınсa getmənin mənası yoxdur. "Daşnaksütun" partiyası seçkidə iştirak etməyəcəyini  yenidən bəyan etdi. Biabır olmaq istəmirlər. Seçkidə iştirak etsələr belə, səs qazana bilməyəcəkdilər.

 

Elxan Şahinoğlu

 

Politoloq

Tarix: 21 Mart 2021, 13:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin